"Ermənilərin raketi 10 metrliyimdə düşdü" - Bərdə terrorunun şahidi (VİDEO)

 "Ermənilərin raketi 10 metrliyimdə düşdü" -  Bərdə terrorunun şahidi (VİDEO)
  28 Oktyabr 2022    Oxunub:1079
Ermənistanın Vətən müharibəsinin gedişində Bərdəni növbəti dəfə atəşə tutmasından 2 il ötür. 2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirdi. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticədə 21 nəfər həlak oldu, 70-ə yaxın şəxs yaralandı, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.
Bərdə sakini Elçin Şirinov da həmin gün ən ağır zədə alan şəxslərdən biridir. O, hadisə nəticəsində bir ayağını itirib. Hazırda səhhəti ilə bağlı xeyli əziyyət çəkir.

- Ailəliyəm, iki övladım var. Hadisəyə qədər Bərdədə sürücü işləyirdim. Həmin gün də sərnişin aparmaq üçün Bərdənin Bakı küçəsinə gəlmişdim. Qəfildən səs eşitdim. Hamı kimi mən də səs gələn tərəfə çevrilib baxdım. Bu, Diaqnostika Mərkəzinin arxasına düşən raketin səsi idi. Tez avtomobilimə əyləşib oradan uzaqlaşmaq istəyirdim ki, ermənilər növbəti raketi atdı. Düz gəlib mənim maşınımın 10 metrliyinə düşdü. Partlayış o qədər güclü oldu ki, tozdan- torpaqdan heç nəyi görə bilmədim. Bir də ayıldım ki, maşınım alışıb yanır, camaat yerdə inildəyir.

Maşının qapısını açıb düşəndə hiss etdim ki, ayağımın biri sallanır. Bədənimdə müxtəlif deşiklər, kəsilmiş yaralar var idi. Yolun ortasına qədər süründüm. Özümü itirmədim atama zəng elədim, çünki bilmirdim ki, sağ qalacam. Atama vəsiyyətimi edib. huşumu itirmişəm. Sonra məni xəstəxanaya apardılar. Əməliyyata girənə kimi həkimlə danışdım. Əməliyyatdan çıxandan sonra gördüm ki, ayağımın birini dizdən yuxarı kəsiblər.

Bədənimin çox yerində əməliyyat aparıldı. Mədəm və ciyərlərim də kəsilib”.

Elçin müharibə bölgəsindən aralı yaşayırdı. Heç ağlına da gətirməzdi ki, xain ermənilər Bərdənin mərkəzini vurararlar.

“Mən yerdə sürünəndə raket zərbəsindən ölənlərin meyitlərini, yaralıları gördüm. Çox pis vəziyyətdə idilər. Bir yaralı var idi, bağırsaqları çölə tökülmüşdü. Yerdə insan bədənlərinin tikələri var idi”.

İki il ötür. Elçin içində yaralandığı maşını hələ də təmir etdirməyib. Onu həyətində saxlayır. Deyir ki, həmin maşın o günləri xatırladır.

“Təmir etdirə bilmirəm. Çox ağır psixoloji zədə almışam. Gündə 20 dəfə həmin yerdən keçirəm. Ağır travmadır. Yaşananlar heç vaxt yaddan çıxmaz. Bunu sözlə ifadə edə bilmərəm”.

Həmsöhbətimiz indi çalışa bilmir. 180 manat təqaüd alır.

“85 faiz bədənim zərər görüb. Bədənimin yarısından çoxu fəaliyyətini dayandırıb. 180 manat təqaüd mənə bəs etmir. Dost-tanış kömək edir. Evimə də dəyən ziyan ödənilməyib. Uşaqlarım da mənə görə travma alıb. Biri yaxşı danışa bilmir. Gözləri yaxşı görmür”.














Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti