Qarabağda daha çox hansı bitkilərin əkininə üstünlük verilib? - Nazir açıqladı

   Qarabağda daha çox hansı bitkilərin əkininə üstünlük verilib? -    Nazir açıqladı
  03 Noyabr 2022    Oxunub:1221
"İşğaldan azad edilmiş ərazilərdə əkinə yararlı torpaq sahələrində kənd təsərrüfatı fəaliyyətinin bərpası məqsədilə intensiv işlər aparılır. 2021-2022-ci təsərrüfat ilində 50 min hektardan çox sahədə payızlıq və yazlıq əkinlər həyata keçirilib".
AzVision.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov “Prezident İlham Əliyevin rəhbərliyi ilə post-konfilikt quruculuğu modeli” mövzusunda keçirilən qələbənin ikinci ildönümü – Zəfər Gününə həsr olunmuş konfransda deyib.

O qeyd edib ki, sahələrin 95 faizindən çoxunu arpa və buğda əkinləri təşkil edib və becərmə işləri dəmyə şəraitində aparılıb:

"2022-2023-cü il üçün intensiv şum və səpin işləri aparılır, payızlıq əkin sahəsinin əvvəlki ilə nisbətən artırılması nəzərdə tutulur.

Azad olunmuş ərazilərdə mövcud bağların qorunması və yeni intensiv meyvə bağlarının salınması işinə də xüsusi diqqət yetirilir. Həmin ərazilərdə torpaq ehtiyatlarının imkanları qiymətləndirilərək intensiv meyvə bağlarının genişləndirilməsi nəzərdə tutulur.

Eyni zamanda bu il azad olunmuş ərazilərin yay otlaqlarına, əsasən də Kəlbəcər və Laçın rayonlarının yaylaqlarına arıçılıq və qoyunçuluq təsərrüfatlarının köçü təmin edilib. Mövsüm dövründə azad olunmuş ərazilərdəki yaylaqlara 330 minə yaxın xırdabuynuzlu heyvanın və 61 mindən çox arı ailəsinin köçü həyata keçirilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti