"Şuşanın hər bir yüksəkliyi uğrunda gərgin döyüşlər getdi" - Mayor Elxan İmranov

   "Şuşanın hər bir yüksəkliyi uğrunda gərgin döyüşlər getdi" -    Mayor Elxan İmranov
  08 Noyabr 2022    Oxunub:1460
Otuz ilə yaxın idi torpaqlarımız işğal altında idi. Təbii ki, biz bununla barışa bilməzdik. Düşmən işğal altında qalan torpaqlarımızı göz görə-görə viran qoyub, vəhşiliklər törədib. Biz onların əliyalın vətəndaşlarımıza, insanlarımıza, körpələrimizə etdiyi qətliamları heç vaxt unuda bilmərik. Mən hərb sənətini seçəndə, ilk növbədə, bizim üçün vacib məsələ olan torpaqlarımızın işğaldan azad edilməsini fikirləşirdim.
AzVision.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində mayor Elxan İmranov söyləyib.

Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şərti adı “Dəmir yumruq” olan əməliyyat nəticəsində hamımız bütün hərbçilərlə bir yerdə səfərbər olaraq döyüşlərə qatıldıq. "Füzuli, Şuşa, Xankəndi istiqamətində döyüş tapşırıqlarında iştirak etdik. Şuşanın hər bir yüksəkliyi uğrunda gərgin döyüşlər getdi. Ərazi relyef baxımından dağlıq olduğu üçün hərəkət etmək çox çətin idi. Ancaq ərazi keçilməz olsa da, Azərbaycan əsgərinin, zabitinin şücaəti qarşısında hər şey aciz idi. Döyüşlərdə Ordumuzun əsgər və zabitləri şücaət göstərdi və Müzəffər Ali Baş Komandanımızın tapşırıqlarını layiqincə yerinə yetirdi. Sonda isə biz Zəfər qazandıq.

Təbii ki, Şuşa əməliyyatında şəhidlərimiz də oldu. Mayor Fərid Ələkbərovun döyüşün gedişində yaralanmasına, həkimlərin onun döyüş meydanının tərk etmək tövsiyəsinə baxmayaraq, onun sonadək inadla vuruşması və döyüş meydanında şəhid olmasını heç vaxt unutmaram. Bizim əsgərlərimiz - müəllimlər Rəşad və Elvin, eləcə də bir sıra zabitlərimiz öz qanları ilə şanlı tariximizin yazılmasında böyük pay sahibi oldular", - deyə Elxan İmranov vurğulayıb.

AzVision.az



Teqlər: Şuşa  





Xəbər lenti