Ağalıda Zəfər Günü münasibətilə bayram konserti keçirilib

Ağalıda Zəfər Günü münasibətilə bayram konserti keçirilib
  08 Noyabr 2022    Oxunub:1163
8 Noyabr – Zəfər Günü münasibətilə Zəngilan rayonunun Ağalı kəndində konsert proqramı təşkil edilib. Bayram tədbirində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin nümayəndələri, kənd sakinləri, incəsənət xadimləri, qalib Azərbaycan Ordusunun hərbçiləri iştirak ediblər.
AzVision.az xəbər verir ki, bayram konsertində əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev və Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktoru Növrəs Cəfərov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı şanlı Zəfərdən, işğaldan azad edilmiş ərazilərin, o cümlədən Zəngilan rayonunun bərpa və yenidən qurulması istiqamətində görülən işlərdən danışıblar.

Konsert proqramında tanınmış incəsənət xadimlərinin, dövlət rəqs ansamblının, nəfəsli alətlər ansamblının, Qaya ansamblının çıxışları böyük coşqu ilə qarşılanıb. Bayram konserti Qələbə yallısı ilə başa çatıb.

Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə müsahibəsində deyib: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazanıb. Bu gün biz Ağalı sakinləri ilə birgə Zəngilanda Zəfər Gününü qeyd edirik. Bu hissləri bizə bəxş etdiklərinə görə zabit və əsgərlərimizə, şəhidlərimizə, qazilərimizə həmişə borclu qalacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Ağalı sakini Minə Mirzəyeva bildirib: “Biz 30 ildən sonra doğma yurdumuza qayıtmışıq və bu gün burada Zəfər bayramını qeyd edirik. Allah dövlətimizi, Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Doğma yurdumuzda yaşamaq bizim üçün çox gözəldir. Bu gün kəndimizdə bayram konserti keçirilir. Biz qəlbən sevinirik”.

Digər sakin Arzu İsmayılova isə deyib: “Çox qürurverici, çox sevindirici gündür. Zəfər bayramını öz torpağımızda qeyd edirik. Otuz ilin həsrəti sona çatıb. Şəhidlərimizin valideynləri qarşısında baş əyirik. Şəhidlərimizin ruhu bu gün şaddır. Biz də bu torpaqda şəhidlərimizə layiqli övladlar yetişdirək ki, gələcəkdə onlar Vətənimiz üçün xeyirli olsunlar. Zəfər bayramımız mübarək olsun”.

AzVision.az



Teqlər: Ağalı  



Xəbər lenti