"Qarabağda səmərəli təşkilati-iqtisadi modellərin tətbiqi nəzərdə tutulur" - Nazir müavini

   "Qarabağda səmərəli təşkilati-iqtisadi modellərin tətbiqi nəzərdə tutulur"  -    Nazir müavini
  17 Noyabr 2022    Oxunub:634
"Azərbaycan Qarabağda bərpa-quruculuq işlərinə tərəfdaş ölkələrdən investisiya cəlb olunmasında maraqlıdır. Hökumətimiz bu bölgəyə hazırda böyük sərmayələr yatırır".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-tranzit dəhlizlərinin imkanlarından faydalanmaq həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafına böyük təkan verəcək.

"Qarabağ bölgəsi nəqliyyat-tranzit, bərpa olunan enerji, kənd təsərrüfatı, sənaye, dağ-mədən və digər sahələrdə böyük potensiala malikdir. İşğaldan azad olunmuş ərazilərimizdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün səmərəli təşkilati-iqtisadi modellərin tətbiqi nəzərdə tutulur. Ağdam Sənaye Parkının və Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması buna əyani misaldır. Bu ərazilərdə fəaliyyət biznes subyektlərinə bir sıra əhəmiyyətli güzəştlər verməklə yanaşı, həm də bölgənin iqtisadi potensialının reallaşdırılması istiqamətində mühüm layihələrin icrasına şərait yaradacaq. Sadalanan amillər ölkəmizin investisiya imkanlarının yalnız bir hissəsini əhatə edir".

Nazir müavini qeyd edib ki, mürəkkəb geosiyasi proseslər fonunda bu gün Azərbaycan, xüsusilə Qarabağ bölgəsi xarici sərmayələr və bizneslər üçün yeni və əlverişli imkanlar təqdim edir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti