"Bizə "zabit kimi söz verirəm, Volkov gələcək" dedi, amma gəlmədi" - İctimai Şuranın sədri

 "Bizə "zabit kimi söz verirəm, Volkov gələcək" dedi, amma gəlmədi" -  İctimai Şuranın sədri
  13 Dekabr 2022    Oxunub:967
"Rusiya sülhməramlılarının komandanı Andrey Volkov bura gələnə və bizim müraciətimizə cavab verənə qədər aksiyaya davam edəcəyik. Biz gecə-gündüz buradayıq və cavab gözləyirik".
Bunu AzVision.az -a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuraya sədri Amin Məmmədov deyib. O bildirib ki, dünəndən aksiya iştirakçıları havanın soyuq olmasına baxmayaraq, ərazini tərk etməyiblər. Hər kəs əzmkarlıq nümayiş etdirir:

"Keçən həftə ətraf mühit sahəsində işləyən QHT-lər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində müvafiq dövlət qurumlarının faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq apara bilməmələri və sülhməramlıların missiyasına uyğun hərəkət edərək təxribatın qarşısını almamaları barədə müraciət hazırlayıb, rus dilinə tərcümə edib. Andrey Volkova ünvanlanan müraciəti Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşına təqdim etdim. Lakin bizə cavab verilməyib. Şənbə günü qərar verildi ki, Şuşaya gələk, aksiya keçirək. Dünən səhər saatlarından buradakı QHT fəalları dəmir maneələri keçərək postun qarşısına qədər gəldi. Sülhməramlılar postu bağlayıblar. Biz onların qarşısında kütlə şəklində toplaşdıq və komandan Volkovun bura gəlməsini tələb etdik. Lakin siyasi məsələlər üzrə müşavirini, polkovniki göndərdilər. O da ehtimalki sərxoş halda idi. Danışanda üstündən spirt iyi gəlirdi. O dedi ki, "zabit kimi sənə söz verirəm, Volkov gələcək". Amma dünən sutka ərzində gözlədik, gəlmədi. Rəhbəri onu pis vəziyyətdə qodu. Bu da Rusiya ordusunan nüfuzuna bir xələldir".

Sədr qeyd edib ki, postda duran sülhməramlılar heç bir suala cavab vermirlər, sadəcə mövqelərini tutublar. A.Məmmədov aksiyaya qoşulanların sayının artdığını bildirib:

"Bu gün də buradayıq və Volkovun gəlməyini tələb edirik. Gəlməsə, neçə gün də lazım olsa burada qalacağıq. Digər QHT-lər də təşkilatlanıblar və hamısı bura gəlməyi planlaşdırırlar. Çoxları artıq gəlib. Eyni zamanda müxtəlif qurumların könülləri də bizim sıralarımıza qoşulub. Aksiya iştirakçılarınn sayı hazırda 200-dən çoxdur. Axşamlar Şuşanın özündə qalanlar, işləyənlər də gəlib, bizə dəstək olurlar. Aksiyamız "sərvətlərin qanunsuiz istismarına yox", "ekoloji terrora son" şüarları ilə davam etdirilir".

Aytən Zəhra
AzVision.az


Teqlər:



Xəbər lenti