Ərdoğanın Bakı planı, məktəblər niyə bağlandı?

Ərdoğanın Bakı planı, məktəblər niyə bağlandı?
  19 İyun 2014    Oxunub:4088
Azərbaycanda nurçu qalmaqalından sonra Fətullah Gülənin nəzarətində olan təhsil müəssisələrinin bağlanması gündəmdə idi. Hələ aylar öncə bu məsələ ciddi müzakirələrə çıxarılmış, müxtəlif iddialar irəli sürülmüşdü.

Ölkəmizdə nurçu pərdəsi arxasında gizlənən önəmli şəxslərin deşifrə olunmasından sonra təbii ki, hədəfdə gülənçilərin təhsil müəssisələrinin qapadılması məsələsi dururdu. Deyilənlər çox keçmədi özünü doğrultdu.

Ötən gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəsmi məlumat yayaraq Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırıldığını bəyan etdi.

ARDNŞ-ın məlumatında bildirilirdi ki, respublikamızda və azərbaycanlıların kompakt yaşadığı xarici ölkələrdə məktəb yaşlı uşaqlara, yeniyetmələrə və gənclərə özəl təhsil müəssisələri vasitəsi ilə müvafiq qaydada Azərbaycan Respublikasının təhsil standartlarında və beynəlxalq standartlarda, milli və mənəvi dəyərlərimizi qorumaqla bütün təhsil səviyyələrində təhsil xidməti göstərmək, yeniyetmə və gənclərə ümumi orta təhsilə, ali təhsilin bakalavr və magistr mərhələlərinə hazırlıq xidmətləri təşkil etmək, həmçinin qanunvericiliklə nəzərdə tutulub və qadağan olunmayan digər fəaliyyətləri həyata keçirmək məqsədi ilə ARDNŞ-nin həmtəsisçi olduğu “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” İctimai Birliyi (ABTM) yaradılıb.



ARDNŞ qeyd edib ki, son dövrlərdə aparılan dəyişikliklər nəticəsində ABTM hüquqi cəhətdən ARDNŞ-nin strukturuna daxil olan qurum statusu əldə edib. Odur ki, Birliyin strukturunda müvafiq dəyişikliklər edilməsinə zərurət yaranıb.

Bu səbəbdən ABTM-nin təsisçilərinin ümumi yığıncağının 18 iyun 2014-cü il tarixli qərarı ilə Birliyin təsisçisi olduğu Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin (ABTK) nəzdində fəaliyyət göstərən “Araz Kursları” MMC, onun təsisçisi olduğu digər qurumların və ümumtəhsil məktəblərinin fəaliyyəti ilə bağlı ABTM-də yaranmış əlavə xərclərin qarşısının alınması və bu layihənin maliyyə və idarəetmə baxımından mürəkkəbliyini nəzərə alaraq qeyd olunan qurumların ləğv edilməsi məqsədəmüvafiq hesab edilib.

Birliyin ümumi yığıncağında o da qeyd olunub ki, “Araz Kursları” MMC-nin fəaliyyəti ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatanadək davam etdiriləcək və ABTK-da təhsil alan və əmək münasibətlərində olan şəxslərin hüquqları və qanuni mənafeləri qanunvericiliyə uyğun şəkildə təmin olunacaq. Belə ki, hər bir təsisatda təhsil alan və çalışan şagird və pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi tədbirlər görüləcək.

ARDNŞ-in yaydığı rəsmi məlumatda “Araz kursları”nın bağlanma səbəbi, orada təhsil alan şagirdlərin, müəllim heyətinin sonrakı aqibətinə də aydınlıq gətirilib.

Göründüyü kimi, Gülən kurslarının bağlanma səbəbi rəsmi olaraq əlavə xərclərin qarşısının alınması kimi qeyd edilir.

Bu həqiqətən belədirmi?

Doğurdanmı nurçulara bağlılığı ilə seçilən “Araz kursları”nın və türk məktəblərin bağlanması sırf əlavə xərclərlə bağlıdır?

Burada bir sıra haqlı suallar ortaya çıxır.

Nə üçün adıçəkilən təhsil müəssisələri nurçu qalmaqalından sonra bağlanıldı?

Bu suala aydınlıq gətirməyə çalışaq. Bəli, Gülən məktəblərinin bağlanması gözlənilirdi. Həm də aylar öncə... Xüsusən də Azərbaycanda keçirilən böyük nurçu “əməliyyatı”ndan sonra bu təhsil ocaqlarının fəaliyyət göstərəcəyi, əvvəlki illərdə olduğu kimi təhsildə liderliyi ələ alacağı inandırıcı deyildi. Artıq vəziyyət 360 dərəcə dəyişmişdi. Ərdoğan-Gülən davasının nəticəsi olaraq ölkəmizdə nurçuların qələmi qırıldığı kimi, onların böyük vəsaitlər yatırdığı məktəblər də Azərbaycanın “qara siyahsı”na salınmışdı. Bakıda nurçuların “Damla” yataqxanasından çıxarılması, onların bölgələrdəki təhsil ocaqlarının ifşa edilməsi əməliyyatların başladığını göstərirdi.

Azərbaycanda yüksək postlarda nurçu ideologiyalarını təbliğ edən məmurların deşifrə olunması vəziyyəti daha da qəlizləşdirmişdi. Bu məsələnin hətta ölkə rəhbərliyinin nəzarətində olduğu bildirilirdi.

Hər şey Ərdoğanın gəlişindən sonra dəyişdi



Xatırlayırsınızsa, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sonuncu Bakı səfərinin məhz nurçu məsələsi ilə bağlı olduğu qeyd edilirdi. Bakıda mətbuata qapalı keçirilən görüşün təfərrüatları açıqlanmasa da Fətullah Gülən və tərəfdarlarının təhlükəli dini oyunları, siyasi iddiaları və s. bu kimi məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı sonradan rəsmi Ankara tərəfindən təsdiq edildi.

Türkiyə mətbuatının yazdığına görə, baş nazir Ərdoğanın Azərbaycan prezidenti ilə görüşündə nurçuların hər iki ölkədə təhlükəli olduğu qeyd edilib. Görüşdə onların Azərbaycanda da şəbəkələşməsindən narahatlıq ifadə edilib.

Məsələnin ən maraqlı tərəfi isə Ərdoğanın Bakı səfərində Azərbaycanlı nurçuların siyahısını prezident İlham Əliyevə təqdim etməsidir. Məlumata görə, prezident İlham Əliyevə Azərbaycandakı “nurçular”la bağlı siyahı təqdim edilib.

Həmçinin, Ərdoğan mümkün təhlükənin qarşısını vaxtında almasının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, prezident İlham Əliyevlə baş nazir Rəcəb Tayyip Ərdoğanın birgə mətbuat konfransında da bu məsələ ilə bağlı suallar verilmişdi.

Prezident İlham Əliyev isə cavabında Türkiyə-Azərbaycan münasibətlərinə zərər verə biləcək istənilən qüvvənin qarşısı alındığını diqqətə çatdırmışdı.

“Biz imkan vermərik ki, iki dost, qardaş ölkənin arasında kimlərsə nifaq salsın”.

Ərdoğan isə suala cavabında bildirmişdi ki, ortada bir sıxıntı var və hər iki ölkəni narahat edəcək durum varsa, demək, müzakirə də edilib.

Dövlət rəsmiləri də aylar öncə verdikləri açıqlamalarında nurçu təhlükəsinin ölkələrimiz üçün narahatlıq doğuracaq məsələ olduğunun mesajını vermişdilər.
Ərdoğanın ölkəmizdə şəbəkələşmiş nurçuların siyahısını dövlət başçısına təqdim etməsi nurçu əməliyyatının davam edəcəyindən xəbər verirdi.

Adı nurçuluqda hallanan Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun vəzifədən alınması, Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun postundan uzaqlaşdırılması dövlətin gülənçilərə qarşı başlatdığı əməliyyatın görünən tərəfi idi. Ərdoğanın Azərbaycana təqdim etdiyi siyahıda məhz bu iki məmurun adlarının ilk sıralarda olduğu bildirilirdi. Bu xəmirin çox su aparacağı qabaqcadan bəlli idi.

Azərbaycanda Gülən məktəblərinin bağlanmasına Türkiyə mətbuatı biganə yanaşmadı. Qardaş ölkə mətbuatı bunu gözləyirmiş kimi, “Araz kursları”ının və liseylərin bağlanılmasının bəzi təffərüatlarını açıqlayıb.

Türkiyə mediası adıçəkilən təhsil müəssisələrinin nurçulara məxsus olduğunu, məhz bu səbəbdən onların fəaliyyətinin dayandırıldığını iddia edir.

Mətbuatın yazdığına görə, məktəblərin bağlanması məsələsi Ərdoğan-İlham Əliyev görüşündə xüsusi qabardılıb. Baş nazir Türkiyədə olduğu kimi qardaş Azərbaycanda da Gülən təhlükəsinin təhsil ocaqlarından başladığını ölkəmizə xəbərdarlıq edib.

Bu baxımdan “Araz” kurslarının bağlanması haqda ARDNŞ-in göstərdiyi səbəblər mənzərənin görünən tərəfidir. Əsl mahiyyət isə göründüyü kimi Ərdoğanın Bakı səfərinə və onun təqdim etdiyi nruçu siyahısına dayanır.

Qeyd edək ki, ARDNŞ-in qərarına əsasən nurçuların Azərbaycanda “Araz kursları” ilə yanaşı 12 özəl məktəbi də bağlanılb. Bağlanan məktəblər bunlardır:

Ağdaş
Bakı
Dədə Qorqud
Şirvan
Gəncə
Lənkəran
Mingəçevir
Sumqayıt
Şəki
Quba liseyləri
“Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyası
“Kafkas” İlk Öyretim Okulu.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti