Pentaqon Əfqanıstanla bağlı araşdırmaya başlayıb

“Son üç ay ərzində nazirlik silahlı qüvvələrimizin tarixində baş vermiş bu fəlakətli hadisələri öyrənir. Mən belə nəticəyə gəldim ki, hesabatlılığı təmin və Amerika xalqına tam mənzərəni təqdim etmək üçün hərtərəfli araşdırma lazımdır”, - ABŞ-nin Müdafiə naziri yazıb.
Heqset bildirib ki, 2021-ci il avqustun 26-da Kabil hava limanı yaxınlığında törədilən terror aktı nəticəsində 13 Amerika əsgəri və 170 mülki şəxs həlak olub. Onun sözlərinə görə, komissiya əvvəlki araşdırmaları nəzərdən keçirməli və ABŞ tarixinin “ən qaranlıq və ən ölümcül anlarından birinə” səbəb olan o vaxt qəbul edilmiş qərarları təhlil etməlidir.
Xatırladaq ki, Amerika qoşunlarının Əfqanıstandan çıxarılması 2021-ci ilin mayında o vaxtkı prezident Co Baydenin qərarından sonra başlayıb. Missiyanın başa çatdığı elan edildikdən sonra radikal “Taliban” hərəkatı bir neçə həftə ərzində hücuma keçərək ölkədə hakimiyyətə yiyələndi. Avqustun 15-də Əfqanıstan prezidenti Əşrəf Qani ölkəni tərk etdikdən sonra, “Taliban” döyüşsüz Kabilə daxil olub. 2021-ci il sentyabrın əvvəlində Amerika qoşunları Əfqanıstandan tamamilə çıxıb.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: Pentaqon Əfqanıstan araşdırma