David İşxanyan: "1990-1994-cü illərdə daşnak döyüşçülərdən biri olmuşam"

      David İşxanyan:    "1990-1994-cü illərdə daşnak döyüşçülərdən biri olmuşam"
  22 May 2025    Oxunub:242
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs David İşxanyanın 2016-cı ildə keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibənin yer aldığı videomaterial nümayiş olunub.
Videomaterialda jurnalistin suallarını cavablandıran D.İşxanyan "Daşnaksütyun" tərəfdarlarının Azərbaycan ərazilərindəki fəaliyyəti barədə danışıb: "Daşnaksütyun" 1990-1991-ci illərdə Qarabağa gəldi. Əsas fəaliyyət təbii ki, cəbhə bölgəsində gedirdi. Ona görə də bu istiqamətdə iş aparılırdı. "Daşnaksütyun" təkcə silahla yox, maddi və insan resursları cəhətdən də Qarabağda fəaliyyət göstərirdi. Əsas digər məsələ isə təşkilatçılıq məsələsi idi. "Daşnaksütyun" bizim üçün bir qalxan rolunu oynayırdı. Təsadüfi deyil ki, "Daşnaksütyun" partiyası 1990-1991-ci illərdə və 1994-cü ilə qədər ordu quruculuğunda və digər sahələrdə öz parlaq fəaliyyətini göstərdi. O dövrdə daşnak nümayəndələri, döyüşçüləri və dəstələri formalaşırdı. Mən də həmin dövrdə onlardan biri olmuşam".

Azərbaycan ərazilərində yaradılan keçmiş qondarma qurumun Ermənistana birləşdirilməsi barədə teleaparıcının sualına cavab verən D.İşxanyan deyib: "Mənim də şəxsi fikrim budur ki, ən düzgün yol - sonda Qarabağın Ermənistana birləşdirilməsidir. Bu, bizim əsas və son nəticəmiz olmalıdır. Hazırda keçid dövründəyik. Mənim üçün Qarabağ və tarixi Ermənistan eyni anlayışlardır, mən onları bir yerdə görürəm".

Keçmiş qondarma qurumun televiziyasına verdiyi müsahibə barədə məhkəmədə dövlət ittihamçının suallarına cavab verən D.İşxanyan videomaterilada "Daşnaksütyun"un keçmiş qondarma quruma hərbi dəstək verdiyi barədə söylədiyi fikirləri təkzib edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti