Netanyahunun qərarı etirazlara səbəb olub - VİDEO

   Netanyahunun qərarı etirazlara səbəb olub    - VİDEO
  23 May 2025    Oxunub:412
İsrailin baş naziri Benyamin Netanyahu general-mayor David Zinini İsrailin “ŞABAK (Şin Bet)” təhlükəsizlik xidmətinin rəhbəri təyin edib.
AzVision.az xəbər verir ki, Netanyahunun ofisinin bəyanatında Davi Zininin “ÇAXAL-da bir çox əməliyyat və komanda vəzifələrində xidmət etdiyi” bildirilir. Son vaxtlarda o, ÇAXAL-ın Baş Qərargahının Təlim Komandanlığı və Korpusunun rəisi vəzifəsində çalışıb.

Baş nazirin bu qərarından sonra paytaxt Təl-Əvivdə minlərlə insan etiraz aksiyası keçirib. Məlumata görə, etirazlar həm bu qərardan narazılıq, həm də ÇAXAL-ın Baş Qərargah rəisi Eyal Zamirin təyinat barədə rəsmi açıqlamadan cəmi 3 dəqiqə əvvəl xəbərdar olması və qərarların qəbulu prosesinə cəlb edilməməsi ilə bağlıdır.

Jurnalist və “Falafelnaya” Telegram-kanalının aparıcısı Marianna Belenkaya, çox güman ki, Zininin təyinatının Ali Məhkəmə tərəfindən ləğv ediləcəyini bildirir.

Onun təyinatı barədə açıqlama Ali Məhkəmənin Binyamin Netanyahunun “Şin Bet”in hazırkı rəhbəri Ronen Barı “qeyri-hüquqi” və “qanunsuz” işdən çıxarması və “ŞABAK”ın baş nazirin əsas köməkçiləri ilə bağlı davam edən istintaqı ilə bağlı hökumət və kəşfiyyat rəhbərləri arasında maraq toqquşmasının olması barədə qərarından sonra verilib.

Mart ayında Nazirlər kabineti tərəfindən səsvermə yolu ilə vəzifədən çıxarılan Ronen Bar iyunun 15-dək vəzifəsində qalır. Martın sonunda Barın vəzifədən azad edilməsi barədə elandan sonra Netanyahu vitse-admiral Eli Şarviti “Şin Betin” rəhbəri təyin etsə də, ertəsi gün fikrini dəyişib.

Xatırladaq ki, Ronen Bar hökumətin tarixdə işdən çıxarmağa cəhd etdiyi tarixdə ilk “Şin Bet” rəhbəridir. HƏMAS-ın İsrailə qarşı terror hücumundan sonra Ronen Bar ölkə hakimiyyətinin baş verənlərin qarşısını ala bilməməsinə görə şəxsi məsuliyyəti öz üzərinə götürüb.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   etirazlar  





Xəbər lenti