Kelin Corcesku siyasətdən gedir - VİDEO

   Kelin Corcesku siyasətdən gedir    - VİDEO
  27 May 2025    Oxunub:702
Rumıniya prezidentliyinə keçmiş namizəd, Rusiyaya müsbət münasibəti ilə seçilən Kelin Corcesku prezident seçkilərindən sonra siyasətdən getdiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Kelin Corcesku “Facebook” sosial şəbəkəsində paylaşıdğı video-müraciətdə Rumıniyada prezident seçkiləri başa çatdığına görə siyasi fəaliyyətini dayandırmaq və bütün diqqətini ailəsinə yönəltmək qərarına gəldiyini bildirib.

“Son zamanların bütün sarsıntılarından sonra, indi mən bütün diqqətimi sakitliyə və sağlamlığa ehtiyacı olan ailəmə yönəldəcəyəm. Siyasətdə fəal iştirakını dayandırıram, ictimai və sosial həyatın passiv müşahidəçisinə çevrilirəm”, - siyasətçi deyib.

O, həmçinin qeyd edib ki, heç bir partiyanın üzvü deyil, öz siyasi hərəkatını yaratmaq niyyəti yoxdur və dövlət vəzifəsinə can atmır. Bununla belə, siyasətdən getdiyini elan etsə də, Corcesku gələcəkdə geri dönəcəyini istisna etməyib.

- Bu mərhələ bitsə də, hələ də uğrunda mübarizə apardığım ideallara inanıram. Rumıniyaya fayda gətirmək üçün real şans olarsa, qayıtmağa hazıram”, - preidentliyə keçmiş namizəd vurğulayıb.

Xatırladaq ki, 2024-cü il noyabrın 24-də Rumıniyada baş tutan prezident seçkilərinin birinci turunda millətçi qüvvələrin namizədi olan Kelin Corcesku hamıdan çox səs topladı. Lakin “Rusiyanın müdaxiləsi” ittihamı da daxil olmaqla bir sıra məqamları əsas gətirən Rumıniyanın Konstitusiya Məhkəməsi onun qələbəsini ləğv etməklə yanaşı, Corceskunun sonrakı seçki kampaniyasında iştirakına qadağa qoydu.

Mayın 18-də Rumıniyada keçirilən prezident seçkilərinin ikinci turunda isə paytaxt Buxarestin meri Nikuşor Dan qalib gəlib. O, mayın 4-də baş tutan birinci turun qalibi olmuş ifrat sağçı partiyanın lideri Corc Simionu məğlub edib.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Corcesku   siyasət   uzaqlaşmaq  





Xəbər lenti