Şotlandiyada avtobus sürücüləri tətil edir

Şotlandiyada avtobus sürücüləri tətil edir
  09 İyun 2025    Oxunub:983
Şotlandiyada fəaliyyət göstərən “Stagecoach” şirkətinə məxsus avtobus sürücüləri maaş artımı ilə bağlı davam edən mübahisə fonunda altı həftəlik tətilə başlayıblar.
AzVision.az “BBC” telekorporasiyasına istinadən xəbər verir ki, Ayr, Arran, Ardrossan və Kilmarnokda çalışan 400-dən çox sürücü 21 iyula qədər işə qayıtmayacaq. Nəticədə şirkət bölgədə məhdud sayda xidmət göstərəcək.

“Unite” həmkarlar ittifaqı qeyd edib ki, tətilin səbəbi ötən ilin noyabrında verilən və tamamilə qəbuledilməz sayılan 4 faiz maaş artımı təklifində heç bir irəliləyişin olmamasıdır. Şirkət isə bildirib ki, maaş artımı təklifləri bölgədəki avtobus xidmətlərinin davamlılığını təmin edəcək şəkildə olmalıdır.

“Unite” may və iyun aylarında üç dəfə 24 saatlıq tətil keçirmişdi, lakin budəfəki addım mübahisəni daha da kəskinləşdirərək ardıcıl altı həftəlik tətil formasını alıb. Həmkarlar ittifaqı sürücülərin “Stagecoach”un Birləşmiş Krallıq üzrə ən aşağı maaş alan işçilərindən olduğunu vurğulayır.

Həmkarlar ittifaqının sənaye məsələləri üzrə nümayəndəsi Siobhan McCready “Stagecoach”un son təklifində əlavə şərtlərin də olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, sürücülərdən maaş artımını əldə etmək üçün daha çox işləmək, daha çox ödənişsiz fasilə vermək və illik məzuniyyətin bir həftəsindən imtina etmək tələb olunur.

AzVision.az



Teqlər: Şotlandiya   tətil  



Xəbər lenti