İstiləşmə yuxu pozulması riskini 45% artırır | VİDEO

   İstiləşmə yuxu pozulması riskini 45% artırır    | VİDEO
  17 İyun 2025    Oxunub:939
Beynəlxalq alimlər qrupunun apardığı araşdırmaya görə, qlobal istiləşmə diabet və ürək xəstəliklərinə səbəb olan obstruktiv yuxu apnoesi hallarını (yuxuda tənəffüsün dayanması) əhəmiyyətli dərəcədə artıra bilər.
AzVision.az “Nature Communications (NatCom)” jurnalında dərc olunan nəticələrə istinadən xəbər verir ki, ədqiqatda 41 ölkədən 116 min könüllü iştirak edib.

İştirakçılar yuxu rejimlərini qeydə almaq üçün döşəklərinin altına yerləşdirilmiş FDA (ABŞ Ərzaq qidalarına və Dərmanlara nəzarət İdarəsi) tərəfindən təsdiqlənmiş tibbi sensorlardan istifadə ediblər. 62 milyondan çox gecənin təhlili isti günlərdə apnoe riskinin 45% artdığını müəyyənləşdirib.

Alimlərin hesablamalarına görə, 27°C-dən yuxarı temperaturda növbəti gecə yuxu apnoesinin inkişaf ehtimalı sərin hava – təxminən 6°C ilə müqayisədə əhəmiyyətli dərəcədə artır. Bu təsir xüsusilə Avropa ölkələrində və artıq çəkidən əziyyət çəkən insanlar arasında özünü göstərib.

Obstruktiv yuxu apnoesi yuxu zamanı tənəffüsün qısa müddətə dayandığı, yuxunun strukturunun pozulduğu və şəkərli diabet, hipertoniya riskinin artması və yol-nəqliyyat hadisələrinə düşmə kimi ciddi sağlamlıq nəticələrinə malik bir vəziyyətdir.

Tədqiqatın müəlliflərinin fikrincə, iqlim sabitliyinin qorunub saxlanması yuxu pozğunluqlarının və onunla əlaqəli xəstəliklərin qarşısının alınması üçün effektiv tədbirlərdən biri ola bilər. Alimlərin hesablamalarına görə, əgər qlobal temperatur sənayeləşmə dövründən əvvəlki (1850-1900) səviyyələrlə müqayisədə 1,8 °C və ya daha çox artarsa, 2100-cü ilə qədər obstruktiv yuxu apnoesinin yayılması 1,2-3 dəfə artacaq.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: istiləşmə   yuxu  



Xəbər lenti