Avropa ölkələri ABŞ-dəki qızıllarını qaytarmaq istəyir
Ümumdünya Qızıl Şurasının məlumatına görə, Almaniya və İtaliya müvafiq olaraq 3352 ton və 2452 ton ilə ABŞ-dən sonra dünyanın ikinci və üçüncü ən böyük qızıl ehtiyatlarına sahib olan ölkələrdir. Tarixi səbəblərə və Nyu-Yorkun dünyanın qızıl ticarət mərkəzi statusuna görə qızıl külçələrinin üçdə birindən çoxu ABŞ-də saxlanılır.
Trampın proqnozlaşdırıla bilməyən siyasəti son vaxtlar Avropada qızılı geri qaytarmaq çağırışlarını artırıb. Avropa Vergi Ödəyiciləri Assosiasiyası Almaniya və İtaliyanın Maliyyə nazirliklərini və Mərkəzi banklarını qızılları geri götürməyə çağıraraq, qızıl ehtiyatlarına nəzarətin Avropa tənzimləyicilərinin əlində qalmalı olduğunu bildirib.
“Geosiyasi risklərlə bağlı bir çox siyasətçilər qızılın xaricdə saxlanmasının artıq əvvəlki kimi təhlükəsiz olmadığı qənaətinə gəliblər. Bu xüsusilə İtaliyaya aiddir, burada qızıl ehtiyatlarının 43%-ni ABŞ-də saxlamaq indiki Tramp administrasiyası dövründə milli maraqlar üçün risk kimi qəbul edilir”, - qəzet yazır.
Almaniyanın Mərkəzi bankı (Bundesbank) qızıl ehtiyatlarının harada saxlandığını mütəmadi olaraq qiymətləndirdiyini və FES-i etibarlı tərəfdaş hesab etdiyini, İtaliya Bankı isə medianın sorğularına cavab vermədiyini bildirib.
Avropa Mərkəzi bankının hesabatına görə, qızıl dünyadakı mərkəzi bankların beynəlxalq ehtiyatlarında dollardan sonra ikinci ən populyar aktivə çevrilib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


