Suriyanın İsraildən istəkləri açıqlanıb | VİDEO

   Suriyanın İsraildən istəkləri açıqlanıb    | VİDEO
  30 İyun 2025    Oxunub:667
Suriya İsraillə dolayısı ilə danışıqlarda qüvvələrin aralanması barədə 1974-cü ildə imzalanmış razılaşmaya qayıtmağa və öz ərazisinə hücumların dayandırılmasına nail olmaq istəyir.
AzVision.az xəbər verir ki, Suriya hakimiyyətinə yaxın mənbələrə istinad edən “Asharq Al-Awsat” nəşrinin yaydığı məlumata əsasən, böyük ehtimalla, gələcəkdə hərtərəfli sülh sazişinə zəmin yaradan yeni təhlükəsizlik razılaşması əldə olunacaq.

“Hazırda İsraillə sülh sazişlərinin əldə edilməsi ehtimalı istisna olunur. Regionda vəziyyət çox sürətlə dəyişir və Dəməşq Suriyanın suverenliyini qoruyacaq razılaşmanın əldə olunmasında ərəb dövlətlərinin roluna ümid edir”, - mənbələrdən biri deyib.

Bundan əvvəl Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şəraa Suriya hakimiyyətinin İsrail ordusunun ölkənin cənub-qərb bölgələrinə davamlı zərbələrini dayandırmağa çalışdığını bildirib.

Dialoqda iştirak edən suriyalı mənbəyə istinad edən “Kan News”telekanalı, öz növbəsində, Dəməşqin İsraildən öz qoşunlarını ölkənin cənubundan çıxarmasını tələbini qoyduğunu, lakin danışıqlarda Colan təpələri ilə bağlı məsələ qaldırılmadığını bildirib.

Mənbənin sözlərinə görə, Suriya tərəfi İran, “Hizbullah”, “HƏMAS” və “İslami Cihad”dan uzaqlaşır və gərginliyi azaltmaqda qərarlıdır.

- Hazırda Colan təpələri məsələsi ümumiyyətlə müzakirə olunmur. Hələ tezdir. Amerikalılar əsas amildir”, - xəbərdə vurğulanır.

Həmçinin, BMT-də Suriyanın yeni lideri Əhməd əl-Şəraa ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında görüşün keçirilə biləcəyi də məlum olub. Eyni zamanda Dəməşq Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Suriyaya səfərinə də hazırlaşır.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Suriya   İsrail  



Xəbər lenti