Kiyev kütləvi zərbələrə məruz qalıb | VİDEO

   Kiyev kütləvi zərbələrə məruz qalıb    | VİDEO
  04 İyul 2025    Oxunub:725
İyulun 4-nə keçən gecə Rusiya Silahlı qüvvələri Kiyevə, o cümlədən Julyanı aerodromuna və Vasilkov hərbi aviabazasına kütləvi hava zərbələri endirib.
AzVision.az xəbər verir ki, Life “SHOT” Telegram-kanalına istinad edən “Life” nəşrinin yazdığına görə, zədələnmiş Julyanı aerodromunda “Patriot” hava hücumundan müdafiə (HHM) raket kompleksinin olduğu ehtimal edilir. Enerji infrastrukturu obyektlərinə də ziyan dəydiyi bildirilir.

Ukrayna Dəmir Yolları idarəsi Kiyevin dəmir yolu infrastrukturuna ziyan dəydiyini açıqlayıb. Eyni zamanda, yerli xəbər portalları Ukrayna paytaxtının cənubunda havanın keyfiyyətinin kəskin şəkildə pisləşdiyi və normadan 16 dəfə aşağı səviyyəyə düşdüyü barədə məlumat yayıb.

Hərbi müxbirlər Ukrayna paytaxtına zərbələr endirmək üçün 100 PUA, yeddiyə qədər “İsgəndər-M” ballistik raketi, dörd “İsgəndər-K” qanadlı raketi və iki “Kinjal” raketindən istifadə olunduğunu iddia edirlər.

Tramp: “İrəliləyişə nail ola bilmədim” | VİDEO
Qeyd edək ki, Ukrayna Silahlı qüvvələri də, öz növbəsində, Rusiya ərazisinə zərbələr endirib. Belə ki, iyulun 4-nə keçən gecə Moskva vilayətinin Serqiyev Posad şəhərinin Zvezdoçka mikrorayonunun yaxınlığında dörd partlayış baş verib. Hücum nəticəsində bir nəfər qəlpələrlə yüngül kəsilmiş yara alıb.

Rostov vilayətinin Millerovski rayonunun Dolotinka kəndində isə ikimərtəbəli səkkiz mənzilli yaşayış binası PUA-nın qəzaya uğraması nəticəsində zədələnib və bir qadın həlak olub. Daha 20 nəfər təxliyə edilib.

Bundan əlavə, Rostov vilayətinin Azov şəhərində pilotsuz təyyarənin partlaması yaşayış binasının pəncərələrini zədələyib. Bir dronun qalıqları Lakomov stadionuna düşüb. Onun ərazisi mühasirəyə alınıb.

Xatırladaq ki, qarçılıqlı hava zərbələri dünən ABŞ və Rusiya prezidentləri arasında baş tutan telefon danışığından sonra həyata keçirilib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Kiyev   Rusiya   zərbələr  



Xəbər lenti