Köçəryan Simonyanı yenə məhkəməyə verib

   Köçəryan Simonyanı yenə məhkəməyə verib
  11 İyul 2025    Oxunub:1428
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ölkə parlamentinin sədri Alen Simonyana qarşı yeni iddiası qaldırıb.
AzVision.az erməni mediasına istinadən xəbər verir ki, Köçəryan Simonyan qarşısında “şərəf və ləyaqətə böhtan ataraq dərc olunmuş yalan məlumatı təkzib etmək və üzr istəmək” tələbini qoyur.

Sabiq prezidentin sözlərinə görə, yayılan məlumatlar yalan və əsassızdır, onun şərəfinə, ləyaqətinə və işgüzar nüfuzuna xələl gətirir. Robert Köçəryan israr edir ki, Simonyan həm “Telegram” messencerində, həm də “Facebook” səhifəsində üzrxahlıq və təkzib yazsın.

Köçəryan Paşinyan və Simonyanı məhkəməyə verib
İddia təmin edilərsə, Ermənistan parlamentinin spikeri bu mətni dərc etməli olacaq: “Əvvəllər mən keçmiş prezident Robert Köçəryan haqqında təhqiramiz ifadələr işlətmişdim ki, bununla da onun şərəf və ləyaqətini ləkələmək məqsədi güdürdüm. Bundan təəssüflənirəm və üzr istəyirəm”.

Xatırladaq ki, bu, artıq son bir ayda Robert Köçəryanın Alen Simonyana qarşı qaldırdığı ikinci iddiadır.

İyunun 14-də Köçəryan baş nazir Nikol Paşinyan və Alen Simonyana qarşı analoji iddia qaldıraraq, ictimailəşdirilmiş şəkildə üzr istəməsini və mənəvi zərərin ödənilməsini tələb edib. O, təzminat kimi Paşinyandan 6 milyon dram (təxminən 15 min dollar), Simonyandan isə 9 milyon dram (təxminən 23 min 700 dollar) tələb edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Köçəryan   Simonyan   iddia  



Xəbər lenti