Türkiyə və Azərbaycan prokurorluqları arasında əməkdaşlıq müzakirə edilib

Türkiyə və Azərbaycan prokurorluqları arasında əməkdaşlıq müzakirə edilib
  21 İyul 2025    Oxunub:1022
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 21-də Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikası Ali Məhkəməsi Baş Prokurorluğunda olub.
AzVision.az xəbər verir ki, Kamran Əliyev Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk ilə görüşüb.

Müzakirələrdə ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov, iki qardaş ölkənin prokurorluq orqanlarının əməkdaşları iştirak ediblər.

Muhsin Şentürk Azərbaycan nümayəndə heyətinin üzvlərini Türkiyə Ali Məhkəməsi Baş Prokurorluğunun arxiv fotostendi ilə tanış edib.


Görüşün yekunlarını jurnalistlərə şərh edən Kamran Əliyev iki qardaş ölkənin hüquq-mühafizə və məhkəmə strukturları arasında, o cümlədən kadr hazırlığı və təhsil sahəsində əməkdaşlığın daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Azərbaycanın Baş prokuroru Türkiyənin Ədliyyə naziri Yılmaz Tunç və Ali Məhkəmənin sədri Ömer Kerkezlə görüşlərinin də nəzərdə tutulduğu budəfəki səfərin məhsuldar olacağına ümid etdiyini bildirib.

“Azərbaycan və Türkiyənin hüquq-mühafizə və məhkəmə orqanları arasında intensiv əlaqələr və məhsuldar əməkdaşlıq qurulub. Biz iki ölkə arasında əlaqələri daha da dərinləşdirməyi hədəfləyirik. Hazırda dünyada gedən proseslər Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın vacibliyini təsdiqləyir”, - Kamran Əliyev vurğulayıb.

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk iki ölkə arasında əməkdaşlığın əhəmiyyətindən danışıb. O, “Bir millət, iki dövlət” kəlamının işığında qardaş Azərbaycanla əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırıb.


“Türk dünyası ölkələri arasında Azərbaycan bizim üçün xüsusi yer tutur. Biz sıx əməkdaşlıq etməyə borcluyuq. Geosiyasi proseslər bizdən bunu tələb edir”, - deyən Baş prokuror 2024-cü ildə iki dəfə Bakıya səfər etdiyini xatırladıb.

AzVision.az



Teqlər: Azərbaycan   Türkiyə   prokurorluq  



Xəbər lenti