Qısamüddətli müharibənin uzunmüddətli dərsləri

   Qısamüddətli müharibənin uzunmüddətli dərsləri
  18 Avqust 2025    Oxunub:13529
İran ilə 12 günlük müharibə zamanı İsrail bir sıra yeni mübarizə metodları tətbiq edib. Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, bunların biri informasiya mübarizəsi sahəsindədir. Belə ki, İsrail mövcud rəqəmsal platformaları, o cümlədən WhatsApp və messencer yazışmalarını hücum vasitəsinə çevirməyi bacarmışdı.
İranın idarə olunmasında iştirak edən hərbi-siyası liderlərin yerdəyişməsi, iş və istirahət ünvanları, maşınları və yazışmaları İsrailin daimi nəzarəti altında saxlanılıb. Tehranın mərkəzində yüksək rütbəli iranlı komandirlərin hətta yataq otağında tapılıb aradan qaldırılması İranın xüsusi rabitə sisteminin yararsız olması və ya ümumiyyətlə belə bir sistemin olmamasından xəbər verirdi. Əməliyyatların gedişatı göstərirdi ki, İranda dövlət idarəedilməsində şifrəli rabitə vasitələrindən istifadə edilmir.

İran ərazisi bu müharibədə həm İsrailin yeni silahlı və hibrid mübarizə metodlarının sınaqları və inkişafı, həm də ABŞ-nin bunker əleyhinə bombaları üçün poliqon rolunu oynamışdı. Ona qarşı istifadə edilən müasir informasiya texnologiyaları yaxın və orta perspektivdə baş verə biləcək müharibələrin əsas elementlərindəndir.


Ekspertin sözlərinə görə, Azərbaycan bu istiqamətdə beynəlxalq İT şirkətləri və proqram təminatı istehsalçıları ilə sıx əlaqələr qurmalı, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə zəruri olan əlavə imkanlar yaradılmalıdır. Rusiya və İran tərəfindən olan mövcud təhdidlərini neytrallaşdırmaq məqsədilə Türkiyə, ABŞ, İsrail, Pakistan və digər tərəfdaşlarla daha üstün imkanlara malik regional təhlükəsizlik çətirinin yaradılması da gündəmdə saxlanılmalıdır.

Samir Quliyev
AzVision.az


Teqlər: Hərb   İsrail   İran  



Xəbər lenti