"Hizbullah"ın silah təchizatçısı öldürülüb | VİDEO

"Hizbullah"ın silah təchizatçısı öldürülüb |    VİDEO
  15 Sentyabr 2025    Oxunub:600
İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında Livanın cənubuna pilotsuz uçuş aparatı (PUA) ilə zərbəsi nəticəsində bu ölkədə fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının silah istehsalçısı və təchizatçısı Məhəmməd Əli Yasin zərərsizləşdirilib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Livanın Nəbətiyyə şəhərində adıçəkilən terrorçunun avtomobili hədəfə alınıb. Faktı Livanın Səhiyyə Nazirliyi də təsdiqləyib.

"Müharibə zamanı Məhəmməd Əli Yasinin "Hizbullah" üçünn silah-sursat hazırlaması İsrail ilə Livan arasında atəşkəs sazişinin pozulması deməkdir", - məlumatda vurğulanıb.
Dəməşqdə "Hizbullah" yuvası dağıdılıb

Xatırladaq ki, ötən il noyabrın 27-də imzalanan atəşkəs sazişi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasında ikiaylıq müharibə başa çatıb. (Müharibə dövründə İsrail "Hizbullah"ın ali rəhbərlərini, o cümlədən təşkilatın lideri Həsən Nəsrullahı aradan qaldırıb). Həmin vaxtdan indiyədək irili-xırdalı sərhədyanı toqquşmalar meydana gəlib. Sazişin şərtlərinə əsasən, İsrail Silahlı Qüvvələrinin bu ölkədən çıxması üçün 60 günlük möhlət verilib. Halbuki bu müddətin yanvarın 26-da qurtarması fonunda İsrail qruplaşmanın yenidən güc toplanmasından ehtiyatlanaraq, daha 30 gün vaxt istəyib. Möhlətin fevralın 18-də qurtarması nəticəsində İsrail qoşunları Livanın cənubundan yalnız qismən çəkilib, strateji sayılan 5 nöqtədə isə hələ də qalmaqdadır. Sazişdə Livanın üzərinə düşən isə "ölkədə silahların ancaq dövlətin əlində qalması" şərti idi. Bu məqsədlə "Hizbullah"ın silahsızlaşdırılması üçün danışıqlar aparılır. Təşkilatın himayədarı İran belə bir prosesi etirazla qarşılayır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   Livan   silah   münaqişə  



Xəbər lenti