Türkiyədə 8 min illik keramika parçaları tapılıb | FOTOLAR

   Türkiyədə 8 min illik keramika parçaları tapılıb |    FOTOLAR
  15 Sentyabr 2025    Oxunub:808
Türkiyənin Malatya vilayətindəki "Arslantəpə" qədim yaşayış məntəqəsində aparılan arxeoloji qazıntılar nəticəsində keramikadan hazırlanmış küp parçaları aşkarlanıb.
Arxeoloji ekspedisiyanın rəhbəri professor Françeska Balossi Restelli Türkiyə mətbuatına açıqlamasında diqqətə çatdırıb ki, "Arslantəpə"də qazıntı işləri bu ilin iyulunda başlayıb. Onun sözlərinə görə, son günlərədək həyata keçirilmiş tədqiqatlarda yaşayış məntəqəsinin tarixinin eramızdan əvvəl 4700-cü illərə gedib çıxdığı düşünülürdü.

"Aşkarladığımız keramika parçaları isə göstərir ki, məntəqənin tarixi daha qədimə – eramızdan əvvəl 6000-ci illərə, yəni Neolit dövrünə aiddir. Bu hələ məntəqənin səthi üzərində apardığımız qazıntıların nəticəsidir. Daha dərinə ensək, yəqin ki, lap qədim tapıntılar üzə çıxaracağıq", – Restelli söyləyib.
Türkiyədə 9 min illik abidələr tapılıb | FOTOLAR

Xanım arxeoloq diqqətə çatdırıb ki, oxşar keramika nümunələri indiyədək İraqın və Suriyanın şimalında da tapılıb.

"Bu keramika parçalarının Anadoluda da aşkarlanması mühüm hadisədir. Belə bir fakt göstərir ki, Neolit dövründə sözügedən ərazilər arasında geniş ictimai-mədəni əlaqələr mövcud idi", – o vurğulayıb.


Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   tarix   arxeologiya  



Xəbər lenti