Suriya XİN rəhbəri ABŞ-yə gedir

 Suriya XİN rəhbəri ABŞ-yə gedir
  18 Sentyabr 2025    Oxunub:1026
Suriyanın xarici işlər naziri Əsəd Əş-Şeybani bu həftə ABŞ-nin paytaxtı Vaşinqton şəhərinə səfərə yollanacaq.
Bu barədə ABŞ senatoru Lindsi Qrem "Axios" xəbər saytına açıqlamasında məlumat verib. O diqqətə çatdırıb ki, nazirin səfərinin başlıca məqsədi ölkəsinə qarşı yerdə qalan sanksiyaların ləğvi üzrə danışıqlar aparmaqdır. Əsəd Əş-Şeybani bu çərçivədə amerikalı qanunvericilərlə görüşlər keçirəcək.

Bu, 25 ildən artıq müddətdə hər hansı Suriya xarici işlər nazirinin Vaşinqtona ilk səfəridir. Bu səfər Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəənin "İsraillə təhlükəsizlik paktının yaxın günlərdə imzalana biləcəyinə" dair açıqlamaları fonunda baş verir.

Senator Lindsi Qrem suriyalı nazirlə özünün və digər həmkarlarının şəxsən görüşəcəyini vurğulayıb. Görüş əsnasında Suriyaya qarşı "qanunvericilikdə icazə verilən" sanskiyaların, o cümlədən "Sezar aktı"nın həmişəlik əğvinin mümkünlüyü qiymətləndiriləcək.

"Suriya rəsmi surətdə İsraillə yeni təhlükəsizlik paktı imzalasa və "İraq Şam İslam Dövləti" ekstremist qrupuna qarşı koalisiyaya qoşulsa, şəxsən sanksiyaların ləğvini dəstəkləyəcəyəm", – Lindsi Qrem söyləyib.

Əsəd Əş-Şeybaninin səfər çərçivəsində sabah Dövlət katibi Marko Rubio ilə də görüş keçirməsi planlaşdırılır.
İsrail və Suriya nümayəndələri Bakıda görüşəcəklər

Yeri gəlmişkən, bu gün Bakı şəhərində İsrail və Suriya hökumətinin nümayəndələrinin təhlükəsizlik məsələlərinə dair görüşmələri gözlənilir. "Sky News Arabia" telekanalı öz mənbələrinə istinadən bildirib ki, iki ölkə arasında mübahisəli ərazilər üzrə razılaşdırılma ilə əlaqədar qarşılıqlı təkliflər irəli sürüləcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Suriya   ABŞ   nazir   səfər   sanskiyalar  



Xəbər lenti