3 min illik firon bilərziyi oğurlanaraq əridilib

    3 min illik    firon bilərziyi oğurlanaraq əridilib
  19 Sentyabr 2025    Oxunub:1310
Misirdə firon Amenemopetə (e.ə X əsr) aid qızıl bilərzik sentyabrın 9-da ölkədəki konservasiya laboratoriyasından yoxa çıxıb.
Misirin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, laboratoriyadakı kassadan itən tarixi əşyanın tapılması məqsədilə xüsusi komitə qurulub. Bilərziyin fotoları ölkənin hava və dəniz limanlarına, sərhəd-keçid məntəqələrinə göndərilib. Təhqiqatlar nəticəsində müəyyənləşib ki, firona məxsus zinət əşyası laboratoriyada işləyən bərpa mütəxəssisi tərəfindən oğurlanıb.

Belə ki, bilərzik əvvəla həmin şəxs tərəfindən gümüş zərgərinə satılıb. Zərgər, öz növbəsində, əsəri paytaxt Qahirə şəhərindəki tarixi zərgərlər bazarında yerləşən emalatxanaya, emalatxana isə qızıl əritmə ustasına ötürüb. Beləliklə, tarixi əşya başqa qızıl parçaları ilə birlikdə əridilib. Əridilmiş kütlədən yeni zinət əşyaları düzəldilib.

Hadisədə adları hallanan bütün şübhəlilər saxlanılıblar. Firon bilərziyinin satılması nəticəsində alınan təqribən 194 min Misir funtu (4 min dollar) maddi sübut qismində götürülüb.

Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatına görə, firon Amenemopetə məxsus qızıl bilərziyin üzərində lacivərd daşından muncuq da vardı.

Firudin Həmidli
AzVision.az


Teqlər: Misir   firon   bilərzik   oğurluq  



Xəbər lenti