Rubio Suriya Prezidenti ilə görüşüb

   Rubio Suriya Prezidenti ilə görüşüb
  23 Sentyabr 2025    Oxunub:678
ABŞ Dövlət katibi Marko Rubio ilə Suriyanın keçid hökumətinin Prezidenti Əhməd Əş-Şərəə Nyu-York şəhərində görüş keçiriblər.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası çərçivəsində baş tutub. Tərəflər əsasən Suriya-İsrail əlaqələrinin vəziyyətini qiymətləndiriblər.

Marko Rubio diqqətə çatdırıb ki, Vaşinqton adıçəkilən ölkələr arasında gərginliyin aradan qaldırılması, münasibətlərin normallaşması məqsədilə təhlükəsizlik sazişinin imzalanacağını gözləyir. Onun sözlərinə görə, Prezident Donald Trampın cari ilin əvvəlində Suriyaya qarşı sanksiyaları yüngülləşdirməsi fonunda belə bir saziş "sabit və suveren dövlət naminə bir fürsətdir".

Mənbələrin məlumatına əsasən, sözügedən saziş yaxın günlərdə imzalana bilər. Hərçənd İsrailin Baş naziri Benyamin Netanyahu mətbuata açıqlamasında vurğulayıb ki, "razılığa gəlmək üçün hələ daha çox vaxta ehtiyac var".

Görüş əsnasında Marko Rubio ilə Əhməd Əş-Şərəə, eyni zamanda, Suriyada antiterror əməliyyatları, itkin düşən amerikalıların tapılması səyləri ətrafında da fikir mübadiləsi aparıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: Suriya   ABŞ   prezident   katib   görüş  



Xəbər lenti