Türkiyə ABŞ təyyarələri üçün hissələr hazırlayacaq?

   Türkiyə ABŞ təyyarələri üçün hissələr hazırlayacaq?
  23 Sentyabr 2025    Oxunub:774
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı dəyəri 10 milyard dollardan çox olan yerli istehsal müqavilələrinin təsdiqini təmin etmək niyyətindədir.
AzVision.az xəbər verir ki, müvafiq planlarla tanış olan mənbələrə istinad edən “Bloomberg” agentliyi belə məlumat yayıb.

“Ankara Amerika döyüş və sərnişin təyyarələri üçün komponentlər istehsal etməyə ümidlidir. Ərdoğan yüzlərlə “Boeing Co” təyyarəsi və “Lockheed Martin Corp” qırıcı təyyarəsi almağı planlaşdırır. Ödənişlərin bir hissəsinin Türkiyə istehsalı müqavilələri ilə əvəzlənməsi gözlənilir”, - mənbələr bildirirlər.

Agentliyin yazdığına görə, Ankara həmçinin 40 ədəd ən son “F-16 Viper” döyüş təyyarəsinin, həmçinin yüzlərlə bomba, raket və ehtiyat mühərrikin alınması üçün danışıqları başa çatdırmağı gözləyir. Ötən il Türkiyə İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etdikdən sonra ABŞ bu sazişi təsdiqləyib.

Ankara mövcud F-16 donanmasını təkmilləşdirmək üçün əvvəlcə 23 milyard dollarlıq paketin bir hissəsi kimi 79 təkmilləşdirmə dəsti almağı planlaşdırırdı, lakin sonradan diqqətini “F-35A” təyyarəsinin mümkün alışına fokusladı.

Hazırda Türkiyənin istismarında təxminən 240 ədəd “F-16” təyyarəsi var ki, bu da ABŞ-dən sonra dünyanın ikinci ən böyük analoji donanmasıdır. Yeni satınalmalar ona köhnə “F-4”-ləri arsenaldan çıxarmağa imkan verəcək. Eyni zamanda Türkiyənin öz layihələrini – iki mühərrikli "Kaan" qırıcısını və “Hurjet” döyüş təlimçisini inkişaf etdirəcək.

Ankara həm Amerika döyüş təyyarələrində, həm də Türkiyə dizaynlarında istifadə olunan “GE Aerospace F110” və “F404” mühərriklərinin də əldə edilməsi və yığılması üçün ABŞ-dən icazə istəyir. Amma Vaşinqton hələlik bu tələbə cavab verməyib.

- Məhdudiyyətlər yüngülləşdirilsə, bəzi türk şirkətləri Türkiyə Aerokosmik sənayesi tərəfindən istehsal olunan mərkəzi gövdə də daxil olmaqla təxminən 12 milyard dollar dəyərində “F-35” təyyarəsinin komponentlərinin istehsalını bərpa etmək imkanı qazanazaq. Digər şirkətlər isə proqram təminatını hazırlaya və kimyəvi komponentlərlə bağlı Avropa İttifaqının (Aİ) daha sərt qaydalarından yan keçə bilər”, - agentlik mənbələrə istinadən vurğulayır.

Lakin Rusiyanın S-400 hava hücumundan müdafiə (HHM) sistemlərinin taleyi əsas problem olaraq qalır. Onun alınması əvvəllər Ankara ilə Vaşinqton arasında münasibətlərdə böhrana səbəb olub. Razılaşmadan sonra Türkiyə CAATSA çərçivəsində ABŞ sanksiyalarına məruz qalıb və “F-35” təyyarələri üzrə proqramdan çıxarılıb.

ABŞ-nin bu sistemlərdən imtina olunması tələbinə baxmayaraq, Ankara onları istismardan çıxarmaqdan imtina edib. Türkiyə, eyniz zamanda, Trampın 40 ədəd “F-35A” qırıcı təyyarəsinin alınmasına zəmin yaradaraq sanksiyalara yenidən baxmağa razı olacağına ümid edir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Türkiyə   ABŞ   təyyarə  



Xəbər lenti