ABŞ Türkiyəni maye qazla təmin edəcək

   ABŞ Türkiyəni maye qazla təmin edəcək
  24 Sentyabr 2025    Oxunub:1023
Türkiyənin “Botaş” dövlət enerji şirkəti ABŞ-nin “Mercuria” şirkəti ilə təxminən 70 milyard kubmetr mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü barədə müqavilə imzalayıb.
AzVision.az xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar “X” sosial şəbəkəsində bununla bağlı paylaşım edib.

Müqavilə 20 il müddətinə hesablanıb və ildə təqribən 4 milyard kubmetr həcmində tədarükləri nəzərdə tutur. İxracın 2026-cı ildə başlanması planlaşdırılır. Müqavilə Türkiyə nümayəndə heyətinin BMT Baş Assambleyasına səfəri çərçivəsində Nyu-Yorkda imzalanıb.

“Razılaşma Ankaranın enerji təhlükəsizliyini, qiymət sabitliyini və mənbələrin şaxələndirilməsini təmin edən uzunmüddətli strategiyasına uyğundur. Müqavilənin prezident Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında keçiriləcək görüşdə müzakirə mövzusu olacağı gözlənilir”, - Alparslan Bayraktar yazıb.

Qeyd edək ki, türkiyəli nazir Nyu-Yorka səfəri zamanı yalnız sözügedən müqavilə ilə kifayətlənməyib.

Müqavilənin elan olunmasından yarım saat sonra o, “Botaş”ın Avstraliyanın “Woodside Energy” şirkəti ilə ildə 5,8 milyard kubmetr qaz tədarükü üçün ilkin razılaşmasını açıqlayıb. Müqavilə doqquz il müddətinə bağlanıb və qazın əsas hissəsi ABŞ-nin Meksika körfəzindəki Luiziana LNG terminalından daxil olacaq.

Türkiyəli nazir həmçinin sentyabrın 22-də Amerikanın “Hartree” şirkətinin rəhbərliyi ilə görüşdə tərəfdaşlıq perspektivlərini müzakirə edib. Bu tərəfdaşlıq sentyabrın 10-da Milanda iki il ərzində 600 milyon kubmetr LNG-nin tədarükünə dair müqavilənin imzalanmasından sonra yaradılıb.

- Həmin gün Amerikanın “Cheniere” şirkəti ilə də 1,2 milyard kubmetr həcmində LNG tədarükü üzrə müqavilə imzalanıb”, - Türkiyənin “Daily Sabah” nəşri diqqətə çatdırıb.

Alparslan Bayraktarın “X” sosial şəbəkəsindəki paylaşımına əsasən, Türkiyənin Energetika sahəsinin liderləri Nyu-Yorkda “Hartree” şirkəti ilə gələcək uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə ediblər.

“Reuters” xəbər verir ki, Türkiyə sentyabrın 2-də “British Shell” şirkəti ilə ildə 4 milyard kubmetr LNG tədarükü üçün 10 illik müqavilə bağlayıb. sentyabrın 9-da isə Alparslan Bayraktar “British Petroleum” ilə 4,8 milyard kubmetr həcmində LNG tədarükü barədə üç illik saziş imzalayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: ABŞ   Türkiyə   LNG  



Xəbər lenti