Qırğızıstan parlamenti vaxtından əvəvl buraxılıb

Qırğızıstan parlamenti vaxtından əvəvl buraxılıb
  25 Sentyabr 2025    Oxunub:892
Qırğızıstan parlamentinin deputatları vaxtından əvvəl özünü buraxma haqqında qanunvericilik layihəsini qəbul ediblər.
AzVision.az Qırğızıstan parlamentinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, təşəbbüs qrupunun təklifini iclasda iştirak edən 89 deputatdan 84-ü dəstəkləyib.

Bir qrup deputat seçki sistemini yeniləmək üçün vaxtından əvvəl istefa verməyi təklif edib. Təşəbbüsçülər Konstitusiyaya əsasən, parlament seçkilərinin 2026-cı ilin noyabrına, prezident seçkilərinin isə 2027-ci ilin yanvarına təyin edildiyini diqqətə çatdırıblar. Onların fikrincə, bu cür qısaldılmış müddət lüzumsuz xərclərə gətirib çıxaracaq və Mərkəzi Seçki Komissiyasının işinə çətinlik yaradacaq.

“Prezident və parlament seçkiləri kimi 2 mühüm siyasi hadisə arasında müddət fərqi qısadır. Ona görə də ölkədə siyasi sistemin və sabitliyin möhkəmləndirilməsi üçün təşəbbüs qrupu parlamentin könüllü olaraq istefa verməsini təklif edib”, - təşəbbüsün müəlliflərindən biri olan deputat Ulan Primov deyib.

Qırğızıstan parlamentinin hazırkı 7-ci çağırışı yeni seçkilərin tarixi rəsmi elan olunana qədər fəaliyyətini davam etdirəcək. Növbədənkənar seçkilərin təyin edilməsi haqqında fərmanı Qırğızıstan prezidenti imzalamalıdır.

Seçkilər yeni sistemlə keçiriləcək: 30 seçki dairəsinin yaradılması nəzərdə tutulub ki, onların da hər birində üç deputat (iki kişi və bir qadın) seçiləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qırğızıstan   parlament   buraxılma  



Xəbər lenti