Toni Bleyr Qəzzada vəzifə istəyir

   Toni Bleyr Qəzzada vəzifə istəyir
  26 Sentyabr 2025    Oxunub:1134
Britaniyanın sabiq (1997 – 2007) Baş naziri Toni Bleyr postmüharibə dövründə Qəzza zolağının idarəçiliyində ali vəzifə tutmaq niyyətindədir.
Britaniyanın "The Financial Times" qəzeti məsələdən məlumatlı mənbələrə istinadən yazır ki, keçmiş hökumət başçısına "Qəzza Beynəlxalq Keçid Təşkilatı" (QBKT) adlı müşahidə şurasına sədrlik təklifi irəli sürülüb. Eyni zamanda, İsrailin "Haaretz" qəzeti diqqətə çatdırıb ki, onun "QBKT-də qurulacaq beynəlxalq məsləhət şurasında rəhbər vəzifə tutmasına" Vaşinqton da maraqlıdır. Bildirilir ki, Toni Bleyr Qəzzada sülh dövrü üçün planlar ətrafında Prezident Donald Trampla mütəmadi söhbətləşir.

Mənbələrin hər biri Toni Bleyrin QBKT-də müxtəlif vəzifələrə gətirilə biləcəyini söyləsələr də, onun ofisi də, Ağ Ev də bu xəbərlərə şərh verməkdən hələlik boyun qaçırırlar. Digər tərəfdən, Avropa və ərəb ölkələri Qəzza zolağında müharibə başa çatdıqda hər hansı keçid təşkilatının qurulmasının əleyhinədirlər. Onların qənaətinə görə, belə bir struktur fələstinləri "öz vətənlərində ikinci dərəcəli şəxs" halına gətirə bilər. Bu səbəbdən sözügedən ölkələr zolağın idarəsinin yalnız Fələstin Muxtariyyəti tərəfindən təsdiqlənən yerli komitəyə verilməsinə qol qoyurlar.

Toni Bleyr 2007-ci ildə hökumət başçılığından ayrılmasının ardınca 2015-ci ilədək ölkəsinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi qismində fəaliyyət göstərmişdi. Onun hələ 2016-cı ildə öz adı ilə yaratdığı institut cari ilin iyul ayından bəri Qəzza üzrə postmüharibə planı layihəsinin hazırlanmasında iştirakçıdır. Toni Bleyr həmçinin ötən ay bu çərçivədə ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə keçirilən xüsusi iclasa da qoşulub. Sözügedən institutun bəyanatına görə, zolağın yenidən qurulması üzrə müxtəlif qruplarla danışıqlar aparılır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   ABŞ   Qəzza   postmüharibə  



Xəbər lenti