Macarıstan Ukrayna KİV-lərini bloklayıb

Macarıstan Ukrayna KİV-lərini bloklayıb
  30 Sentyabr 2025    Oxunub:690
Macarıstan Ukraynanın 12 xəbər nəşrinin ölkədə yayımına qadağa qoyub. Ukraynanın iki rusiyayönlü macar nəşrinə qadağa qoymasına cavab olaraq Budapeşt bu addımı atıb.
AzVision.az xəbər verir ki, Macarıstanın Dəftərxana naziri Gergeli Qulyaş özünün “Facebook” səhifəsində bununla bağlı paylaşım edib.

Qulyaş Ukraynanın Macarıstanın “Origo” və “Demokrata” xəbər saytlarını blokladığına diqqət çəkib.

Onun sözlərinə görə, bu ona görə baş verib ki, həmin nəşrlər “Rusiyaya qarşı sanksiyalar siyasətinin, Ukraynaya hərbi dəstəyinin tənqidinə yol verib. Bu nəşrlər həmçinin Avropa İttifaqı (Aİ) və NATO-nu parçalanmış və çox təsirli olmayan təşkilatlar kimi göstərməyə cəsarət edib.

“Qarşılıqlılıq prinsipinə uyğun olaraq, Macarıstan bu gün Ukrayna xəbər portallarına qarşı güzgü tədbirləri tətbiq edir. Buna görə də onlar Macarıstanda daha əlçatan olmayacaqlar”, - Gergeli Qulyaş vurğulayıb.

Xatırladaq ki, sentyabrın 26-da Ukrayna lideri Volodimir Zelenski Macarıstanın kəşfiyyat PUA-sının Zakarpatye üzərində uçaraq müdafiə sənayesi obyektlərinin yerlərini axtardığını iddia edib. Onun sözlərinə görə, Ukrayna ordusunun Baş Qərargahı ölkənin hava məkanının pozulmasına dair sübutlar təqdim edib.

Zelenski təkrarlana biləcək təxribata Ukraynanın daha sərt cavab vverəcəyini bildirib. O, Macarıstanın “ilk növbədə özü üçün çox təhlükəli işlər gördüyünü” vurğulayıb.

Macarıstanın Müdafiə nazirliyi bunun cavabında Macarıstan PUA-larının Ukrayna ərazisi üzərində uçuşlar həyata keçirmədiyini və heç bir qanun pozuntusuna yol verilmədiyini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Macarıstan   Ukrayna   KİV-lər  



Xəbər lenti