Fransa “Apple” şirkətinə qarşı təhqiqat aparır

Fransa “Apple” şirkətinə qarşı təhqiqat aparır
  07 Oktyabr 2025    Oxunub:934
Konfidensiallığı qorumaq vədlərinə baxmayaraq, istifadəçilərin “Siri” (səs köməkçisi) ilə qarşılıqlı əlaqəsinin səs yazılarını dinləmək üçün podratçılardan istifadə etməkdə günahlandırılan Amerikanın “Apple” şirkətinin fəaliyyəti ilə bağlı Fransa cinayət təhqiqatına başlayıb.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər veirr ki, təhqiqat “Ligue des droits de l’Homme” hüquq müdafiəsi təşkilatının müraciətindən sonra başladılıb.

İnsan haqları təşkilatının şikayəti xərçəng xəstələrinin məlumatları da daxil olmaqla, məxfi istifadəçi qeydlərinin təhlili ilə bağlı açıq ifadə verən “Apple” şirkətinin İrlandiyadakı keçmiş subpodratçısı Tomas le Bonyekin ifadəsinə əsaslanır.

“Apple” şirkətinin üçüncü tərəf podratçılarının xidməti təkmilləşdirmək məqsədilə təhlil üçün “Siri” (səs köməkçisi) ilə qarşılıqlı əlaqənin audio yazılarını dinlədiklərini “The Guardian” nəşri 2019-cu ildə açıqlamışdı.

Qəzetin məlumat mənbəyi “Siri”ni “qiymətləndirən” podratçı idi. Daha sonra məlumat verən şəxs “Siri” səs köməkçisinin “keyfiyyətə nəzarət” işlərinin bir hissəsi kimi “Apple podratçılarının məxfi tibbi məlumatları müntəzəm olaraq dinlədiyini” bildirib.

Buna cavab olaraq “Apple” şirkəti sözügedən proqramı dayandırdı və müştərilərə imtina etmək imkanı verdi. Daha sonra şirkət yalnız açıq istifadəçi razılığı ilə funksiyanı əlavə etməyə başladı. Lakin kollektiv iddia qaldırılması fonunda “Apple” istifadəçilərə təzminat ödəməyə razı oldu.

“Əgər istifadəçilər “Siri”nin təkmilləşdirilməsini dəstəkləmək üçün açıq şəkildə seçim etmirsə, “Siri” ilə qarşılıqlı əlaqənin audio yazıları saxlanmır və hətta bundan sonra da qeydlər yalnız bu məqsəd üçün istifadə olunur”, - bu ilin yanvar ayında “Apple” bir blog yazısında diqqətə çatdırıb.

“Apple” şirkətinin Fransadakı nümayəndəsinin iddiasına görə, korporasiya heç vaxt “Siri” məlumatlarından marketinq məqsədilə istifadə etməyib, onları reklam xidmətlərinə ötürməyib və üçüncü tərəflərə satmayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransa   Apple   təhqiqat  



Xəbər lenti