Fransada yeni Baş nazir təyinatı gözlənilir | VİDEO

   Fransada yeni Baş nazir təyinatı gözlənilir |  VİDEO
  09 Oktyabr 2025    Oxunub:1099
"Fransa Prezidenti Emmanuel Makron 48 saat ərzində ölkənin yeni Baş nazirini açıqlayacaq".
Bu barədə Fransanın sabiq Baş naziri, müvəqqəti hökumət başçısı Sebastyen Lekornü "France 2" telekanalına müsahibəsində məlumat verib. Diqqətə çatdırıb ki, özünün bu və digər məsələlər üzrə digər partiyalarla müzakirələr aparmaq vəzifəsi başa çatıb. Bu baxımdan Baş nazir postuna qayıtmayacağını vurğulayıb.

"2027-ci il üzrə prezidentlik hədəflərindən tamamilə müstəqil hökumət yaradılmalıdır", – deyən Sebastyen Lekornü həmçinin ölkədə hazırkı şəraitdə növbədənkənar parlament seçkilərinin, yəqin ki, keçirilməyəcəyini dilə gətirib, – "Çünki Milli Assambleyada seçkilərə qarşı çıxan mütləq çoxluq mövcuddur. Belə bir qərarlı vəziyyətdə Emmanuel Makronun yaxın günlərdə yeni Baş nazir irəli sürməsi qaçılmazdır".

Sabiq hökumət başçısı Prezident Emmanuel Makronu ölkədəki iqtisadi-siyasi vəziyyətlə əlaqədar istefaya çağıranlara da cavab verib:

"Prezidenti dəyişməyin vaxtı deyil. Bu, baş verərsə, qlobal qeyri-sabitlik fonunda Fransanın diplomatik rolu sarsıla bilər".

Xatırladaq ki, son illər Fransada hökumət və assambleya arasında əsasən iqtisadi məsələlər üzrə fikir ayrılıqları səbəbi ilə vəziyyət gərgindir. Bu çərçivədə 2024-cü ilin əvvəlindən bəri müxalif qüvvələrin təzyiqi nəticəsində ölkənin hökumət başçısı 4 dəfə dəyişib. Sentyabrın 9-da Baş nazir seçilən Sebastyen Lekornü də oktyabrın 6-da istefa verib. Beləliklə, o, cəmi 27 günlə Fransanın ən qısa müddət vəzifədə qalan Baş naziri kimi tarixə düşüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   baş-nazir   seçkilər  



Xəbər lenti