Aİ büdcəsindən milyardlarla avro mənimsənilib

   Aİ büdcəsindən milyardlarla avro mənimsənilib
  09 Oktyabr 2025    Oxunub:1119
Avropa İttifaqının (Aİ) Hesablama Palatası 2024-cü il üzrə büdcədən 6 milyard avro həcmində vəsaitin qeyri-qanuni məqsədlər üçün mənimsənildiyini müəyyənləşdirib.
Almaniyanın "Handelsblatt" biznes qəzeti öz mənbələrinə istinadən yazır ki, fakt palatanın bu gün açıqlanan illik hesabatında üzə çıxıb. Məlumata görə, mənimsəmə iki xətt üzrə həyata keçirilib. "Oğurlanmış" vəsaitin bir qismi büdcədə nəzərdə tutulmayan layihələrə, digər qismi isə müvafiq əsaslandırılması aparılmayan xərclərə yönəldilib.

"Mənimsənilmə yolu ilə xərclənən vəsaitin ümumi xərclər üzrə həcmi 3,6%-dir. Düzdür, bu, keçənilki mənimsəmədən (5,6%) azdır, amma hər halda, əhəmiyyətli sayılan 2%-lik həddi keçir", – qəzet yazır.

Bildirilir ki, büdcədən "sui-istifadə"nin ən böyük payı "birləşdirmə" adlı proqramlara düşür. Bu proqramlar ittifaq daxilindəki "kasıb" ərazilərdə həyata keçirilən layihələrin "varlı" ərazilər hesabına maliyyələşdirilməsini nəzərdə tutur. Qəzet vurğulayır ki, belə "təşəbbüslər" Aİ büdcəsindəki ən böyük xərc maddəsidir.

"Vəsait həmçinin fırıldaqçılıq, səmərəsizlik, şəxsi mənimsəmə və s. qanunsuz yollarla da xərclənib. Hesablama Palatası ümumilikdə cinayət tərkibi ilə şübhəli bilinən 19 xərcləmə faktını müəyyənləşdirərək, müvafiq hesabatı Aİ-nin səlahiyyətli orqanlarına göndərib", – məlumatda diqqətə çatdırılır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   büdcə   mənimsəmə  



Xəbər lenti