İrəvan: “Sülh müqaviləsinin bağlanacağına inanırıq”

      İrəvan:    “Sülh müqaviləsinin bağlanacağına inanırıq”
  09 Oktyabr 2025    Oxunub:1484
Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa və ratifikasiya etməyə hazır olduğunu təsdiq edir.
AzVision.az xəbər verir ki, Ermənistan Xarici İşlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərlə söhbətində belə deyib.

O, avqustun 8-də Vaşinqtonda imzalanan sənədlərdən Ermənistanın heç bir fayda görmədiyi ilə bağlı müxalifətin iddialarına da cavab verib.

“Ermənistan Respublikası dinc və sabit region qurmaq imkanı əldə edib və bu proses başlayıb. Biz həm də regionumuzda amerikalı tərəfdaşlarımızla birlikdə üzərində işlədiyimiz bütün kommunikasiyaları açmaq imkanı əldə etmişik”, - Kostanyan bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi sülh prosesinin müsbət istiqamətdə inkişaf edəcəyinə ümidlidir və buna əmindir.

- Biz avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra müşahidə etdiyimiz ümumi sürətə müsbət yanaşırıq. Ağ Evdə verilən bəyanatlar da onu göstərir ki, biz sabitlik və sülh dövrünə qədəm qoyuruq”, - Ermənistan XİN-in rəhbərinin müavini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının məntiqi davamı kimi Ermənistan Türkiyə ilə də münasibətləri tənzimləmək niyyətindədir.

Təsadüfi deyil ki, bu arada Ermənistan parlamentinin üzvlərinin ATƏT Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün İstanbula gedəcəyi barədə məlumat açıqlanıb.

Ermənistan mediasının yazdığına görə, nümayəndə heyətinə parlamentin Xarici Əlaqələr Komitəsinin rəhbəri Sarqis Xandanyan, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan, onun fraksiya üzrə həmkarları Mariya Karapetyan və Lilit Minasyan daxildirlər.

Sessiya oktyabrın 16-dan 20-dək keçiriləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   sülh  



Xəbər lenti