Orban da Moskvanın cavabından qorxur

Orban da Moskvanın cavabından qorxur
  16 Oktyabr 2025    Oxunub:731
Moskvanın mümkün cavab tədbirləri macar şirkətlərinin maraqlarını təhdid edərsə, Budapeşt Avropa Komissiyasının (AK) Rusiyanın qərbdəki dondurulmuş aktivlərinin müsadirə edilməsi təklifini dəstəkləməyəcək.
AzVision.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban “Mandiner” jurnalına müsahibəsində belə bəyanat səsləndirib.

“Əgər Budapeşt də müsadirə olunan Rusiya aktivlərinin Avropada istifadəsini dəstəklədiyi üçün Macarıstan şirkətləri Rusiyada cavab tədbirləri ilə üzləşəcəksə, mən şübhəsiz ki, bunu dəstəkləməyəcəyəm. Çünki bu, Macarıstanın itkilərə məruz qalması deməkdir”, - Viktor Orban vurğulayıb.

Brüssel öz qırmızı xəttlərini çəkib
Rusiyanın dondurulmuş aktivləri ilə bağlı məsələnin Avropa İttifaqının (Aİ) oktyabrın 23-24-də Brüsseldə keçiriləcək İ sammitində müzakirə olunacağı gözlənilir. Macarıstanın baş naziri bəyan edib ki, Budapeşt bu məsələdə Moskva ilə məsləhətləşmələr aparır və Aİ təşəbbüsünün həyata keçiriləcəyi təqdirdə hansı əks tədbirlərin görülə biləcəyini anlamağa çalışır.

Rusiyanın Avropada dondurulmuş suveren aktivlərinin əksəriyyəti - 200 milyard avrodan çox - Belçikadakı “Euroclear” platformasında bloklanıb. Depozitarinin özü dəfələrlə bu vəsaitlərin mümkün ekspropriasiyasına qarşı olduğunu bildirərək, belə bir addımın Moskva tərəfindən məhkəmə iddiaları ilə nəticələnə biləcəyi barədə xəbərdarlıq edib.

Belçikanın baş naziri Barta de Vever Ukraynaya 140 milyard avroluq kredit vermək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planının bir hissəsi kimi Avropa İttifaqı (Aİ) ölkələrindən hüquqi təminatlar və risklərin bölüşdürülməsi mexanizmi yaradılmasını tələb edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Macarıstan   Rusiya   aktivlər  



Xəbər lenti