Qahirə: “Husilərə görə milyardlar itiririk”

      Qahirə:    “Husilərə görə milyardlar itiririk”
  17 Oktyabr 2025    Oxunub:1062
Yəmənin “Ənsar Allah” üsyançılarının Qırmızı dənizdəki əməlləri səbəbindən Misir Süveyş kanalından hər il 9 milyard dollardan çox gəlir itirir.
AzVision.az xəbər verir ki, Misirin Xarici İşlər naziri Bədr Abdel Atı Hindistanın paytaxtı Nyu-Dehlidə çıxışı zamanı belə deyib.

“Qırmızı dənizdəki eskalasiyadan ən çox biz zərər çəkmişik: Misir ümumilikdə ildə 9 milyard dollardan çox itirir və xalis itkilərlə üzləşir”, - Misir XİN-in rəhbəri diqqətə çatdırıb.

Onun sözlərinə görə, hazırda Süveyş kanalından hər iki istiqamətdə gündə 20-25 gəmi keçir, halbuki Yəmən husilərinin hücumlarından əvvəl bu rəqəm gündə 75 gəmidən artıq olub.

- Mövcud vəziyyəti həll etmək üçün biz bir sıra beynəlxalq tərəfdaşlarla, o cümlədən Rusiya, Avropa İttifaqı (Aİ), Hindistan, Çin və ABŞ ilə əlaqəli şəkildə işləyirik”, - Abdel Atı vurğulayıb.

Qeyd edək ki, Yaxın Şərqdə gərginliyin yeni mərhələsi başlamazdan əvvəl Misirin Süveyş kanalından götürdüyü gəlir 10 milyard dollara çatmışdı. Bu qazanc Misir büdcəsi üçün əsas və valyuta gəlirlərinin mühüm mənbəyi olaraq qalır.

Lakin 2023-cü ilin payızından Fələstinin HƏMAS hərəkatına dəstək məqsədilə Bab əl-Məndəb boğazında ticarət gəmilərini atəşə tutan “Ənsar Allah” qruplaşmasının hərbi qüvvələrinin hücumlarından ehtiyatlanan bir çox gəmilərin öz marşrutlarını dəyişməyə davam etdiyi üçün bu gəlirlər azalmağa başlayıb.

Daha əvvəl husilərin hücumları səbəbindən 2024-cü ildə Qırmızı dənizdən keçən konteyner gəmilərinin sayının 2023-cü ilin eyni dövrü ilə müqayisədə 90% azaldığı bildirilmişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Misir   husilər   miyardlar  



Xəbər lenti