QHT: “Qəzzanın minalardan təmizlənməsinə onilliklər lazımdır”

 QHT:  “Qəzzanın minalardan təmizlənməsinə onilliklər lazımdır”
  24 Oktyabr 2025    Oxunub:1151
İsrail ordusunun iki illik hərbi əməliyyatından sonra Qəzza zolağının minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi təxminən 30 il çəkə bilər.
AzVision.az “Maan” agentliyinə xəbər verir ki, Fələstin anklavında BMT-nin himayəsi altında fəaliyyət göstərən beynəlxalq qeyri-hökumət təşkilatının (QHT) nümayəndəsinin məlumatında belə deyilir.

“Ərazi minalanmış sahəyə çevrilib. İsrailin atəşi və bombalaması nəticəsində anklavda qalan partlamamış bomba və mərmilərin çıxarılması 20-30 il vaxt apara bilər”, - QHT-nin nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, Qəzzada bütün partlamamış hərbi sursatları tamamilə təmizləmək qeyri-mümkündür, çünki onların çoxu yerin çox dərinliklərində basdırılıb. Bu baxımdan, təkcə yerin səthində partlayıcı qurğuların axtarışı və təmizlənməsi bir nəsil ömrünə bərabər olacaq.

- İsrail hakimiyyəti partlamamış hərbi sursatların aşkarlanması və məhv edilməsi üçün Qəzzaya lazımi avadanlıqların idxalına icazə vermir. QHT-lər partlayıcı sursatların yandırılması üçün xüsusi avadanlıq gətirməyə icazə ala bilməyiblər ki, bu da hərbi sursatın yerində partladılmasına və onun təkrar istifadəsi riskini aradan qaldırmağa imkan verməyəcək”, - QHT nümayəndəsi diqqətə çatdırıb.

Daha əvvəl partlayıcı sursatları təmizləyən və mina qurbanlarına yardım edən “Handikap İnternational” beynəlxalq QHT-nin nümayəndəsi İsrail qüvvələrinin 2023-cü ilin oktyabrından Qəzzada gedən döyüşlər zamanı anklav ərazisinə təxminən 70 min ton bomba və mərmi atdığını bildirmişdi.

BMT-nin ixtisaslaşmış qurumunun təhlili bu sursatların 5%-10%-nin partlamadığını açıqlayıb.

“İsrail ordusunun Qəzzaya atdığı artilleriya mərmiləri, minalar, bombalar və raketlər də daxil olmaqla, dağılmış binaların xarabalıqları və küçələrdəki dağıntılar altında ən azı 20 min partlayıcı maddə qalıb”, - Qəzza sektoru adminsitrasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

Bütün partlamamış hərbi sursatlar həm evlərinə qayıdan yerli sakinlər, həm də dağıntıları təmizləyən mütəxəssislər üçün real təhlükə yaradır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Qəzza   minalar   təmizlənmə  



Xəbər lenti