Dövlət Departamenti: "Trampla oyun oynamayın"

   Dövlət Departamenti:    "Trampla oyun oynamayın"
  06 Yanvar 2026    Oxunub:1103
ABŞ Dövlət Departamentinin rusca farsca "X" hesablarında Vaşinqtonun xarici siyasət mövqeyini lakonik ifadələrlə vurğulayan fotopaylaşımlar yerləşdirilib.
Paylaşımlarda ABŞ Prezidenti Donald Trampın fotusu tünd ağ-qara effektlə verilib. Bu foto yanvarın 3-də o, venesuelalı həmkarı Nikolas Maduronun ələ keçirilməsi barədə mətbuata açıqlama verərkən çəkilmişdi. Paylaşımın ingiliscə variantı da məhz həmin gün hesaba yerləşdirilib. Fotoda qırmızı şriflə "Prezident Trampla oyun oynamayın"; əlavə mətndə isə "Prezident Tramp konkret iş adamıdır. Bilmirdinizsə, indi bilirsiniz" yazılıb. Əlbəttə, bu ifadələr Nikolas Maduronun bir neçə saat ərzində tutulub ABŞ-yə aparılması əməliyyatına işarədir.
İran qarışır, ABŞ hədələyir, Rusiya qonaq gözləyir

Paylaşımın yeni variantları isə birbaşa Rusiya və İrana ayrı-ayrılıqda mesaj mahiyyəti daşıyır. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Vaşinqton ilə Moskva arasında münasibətlər son illər xüsusilə gərgindir. Eyni zamanda, dekabrın 28-də İranda başlamış kütləvi etiraz aksiyaları Vaşinqton-Tehran qarşıdurmasını yenidən gündəmə gətirib. Belə ki, Donald Tramp aksiyalar fonunda yanvarın 2-də İran xalqına müraciət ünvanlayıb: "Vaşinqton sizə hər an dəstək göstərməyə hazırdır".

Dövlət Departamentinin ingiliscə "X" hesabında yerləşdirilən daha bir paylaşım da nəzərə çarpır. Burada da Donald Trampın ağ-qara təsviri üzərində yazılıb: "Bu, bizim yarımkürəmizdir. Prezident Tramp təhlükəsizliyimizin hədələnməsinə imkan verməyəcək". İfadələrdən aydın görünür ki, Vaşinqton ölkənin təhlükəsizliyi naminə qətiyyətli addımlar atmaq niyyətindədir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   İran   Venesuela   gərginlik  



Xəbər lenti