İran qarışır, ABŞ hədələyir, Rusiya qonaq gözləyir

   İran qarışır, ABŞ hədələyir, Rusiya qonaq gözləyir
  05 Yanvar 2026    Oxunub:2864
İranda 2025-ci ilin 28 dekabrında əsasən inflyasiyanın kəskin artmasına, rialın dəyərdən düşməsinə etiraz məqsədilə kütləvi aksiyalar başlayıb. Nümayişləri əvvəla paytaxt Tehran şəhərində mağaza sahibləri qığılcımlandırıb, ardınca onlara tələbələr də qoşulublar. Etiraz dalğası tezliklə bütün ölkəyə - 31 əyalətdən 26-sına, ümumilikdə 78 şəhərə yayılıb. Məlumata əsasən, aksiyalarda indiyədək azı 19 nəfər ölüb, 50-dən çox insan yaralanıb. ABŞ Prezidenti Donald Tramp yanvarın 2-də İran xalqına müraciət ünvanlayaraq diqqətə çatdırıb ki, Vaşinqton onlara hər an dəstək göstərməyə hazırdır.
Belə bir vəziyyətdə İran hökuməti ictimai narazılığı kəskin güc tətbiqi ilə yatırmaqdan çəkinir. Çünki hökumətin fikrincə, ABŞ-nin müdaxiləsi ölkədə daha böyük iğtişaşa gətirib çıxara bilər. Milli Təhlükəsizlik üzrə Ali Şurası keçirilən təcili iclasda bu fikir üzrə ortaq məxrəcə gəlib, həmçinin ABŞ-nin mümkün hərbi hücumu da nəzərdən keçirilib. Ümumiyyətlə, daxildə cəmiyyəti dalğalandıran iqtisadi-siyasi böhran, xaricdən isə növbəti İsrail-ABŞ zərbəsinin ehtimalı qarşısında naçar qalan hökumət artıq başa düşür ki, İslam Respublikasının "vəziyyəti ruscadır", əməli işə keçmək lazımdır, hərçənd imkanlar çox məhduddur.

Prezident Məsud Pezeşkiyan keçən həftə iqtisadi məsləhət komitəsinin iclaslarında vəziyyəti qiymətləndirib. İclasda böhran daha da pisləşəcəyi təqdirdə atıla biləcək addımlara baxılıb. Maraqlıdır ki, hökumət nümayəndələri ona öz ictimai çıxışlarında yekun qərarların yalnız ali dini lider Əli Xameneinin dilindən çıxdığını xalqa xatırlatmağı məsləhət görüblər. Hərçənd Britaniyanın "The Times" qəzetinin yaydığı xəbərə baxanda görürük ki, quzunun (xalqın) can dərdinə yandığı İranda qəssabı da (ali dini lideri) artıq ət maraqlandırmır. Deyəsən, o da öz canının hayına düşüb. Qəzet müvafiq kəşfiyyat hesabatına istinadən yazır ki, İranın təhlükəsizlik qüvvələri etirazçıların tərəfini saxlayıb onları dəstəkləyərsə, Əli Xamenei 20 nəfərlə (ailə üzvləri və köməkçiləri) birlikdə Tehrandan qaçacaq. Plana əsasən, rəhbərin oğlu və varisi Müctəba Xameneinin də xüsusi surətdə təhlükəsiz yerə köçürülməsi nəzərdə tutulur. İsrailin keçmiş kəşfiyyat zabiti Beni Sabti qəzetə açıqlamasında vurğulayıb ki, Əli Xamanei yalnız Moskva şəhərinə qaça bilər, çünki gedə biləcəyi başqa yer yoxdur: "2025-ci ilin iyun ayında İsraillə 12 günlük müharibə nəticəsində ali rəhbərin nüfuzu çox zəifləyib. O, uzun müddətdir ki, ictimaiyyət qarşısına çıxmır, həmçinin son günlər baş verən aksiyalara dair hər hansı çıxış həyata keçirmir".
Times: "Xamenei də Moskvaya qaçacaq"

Əli Xamenei ölkədəki iğtişaşdan yaxasını qurtarıb Moskvaya qaçarsa, 2024-cü ilin dekabrında müxalif qüvvələrin devirdiyi sabiq Suriya prezidenti Bəşər Əsədlə oxşar aqibəti bölüşəcək. Xatırladaq ki, Bəşər Əsəd də məhz Rusiyaya qaçıb. Onun hazırda Moskvanın qərbində - bahalı və dəbdəbəli mülkləri ilə tanınan Rublyovka massivində yaşadığı deyilir. Maraqlıdır ki, rəsmi Moskva bu iddianı nə danır, nə də təsdiqləyir. 2025-ci ilin sentyabrında Suriya məhkəməsi ona qarşı qətl, işgəncə və qanunsuz həbs ittihamları ilə qiyabi həbs hökmü çıxarıb.

(ABŞ Prezidenti Donald Tramp "Air Force One" təyyarəsində jurnalistlərə müsahibə verərkən. 4 yanvar 2025-ci il)

Beləliklə, İranın vəziyyəti, həqiqətən də, "rusca"dır. Bu, görünür, Donald Trampın ürəyincədir. O, "Air Force One" təyyarəsində jurnalistlərə müsahibə verərkən yenidən qətiliklə söyləyib ki, İranda meydana gələn aksiyalarda etirazçılar öldürülərlərsə, Vaşinqton hərəkətə keçəcək:

"Vəziyyəti yaxından izləyirik. İran hökuməti keçmişdəki kimi etirazçıların öldürülməsi əmrini verərsə, onlara çox güclü zərbə endirəcəyik".

Eyni zamanda, İsrailin də İrandakı iğtişaşdan faydalanacağı, ABŞ-nin mümkün hücumuna qoşulacağı böyük ehtimaldır. Bu çərçivədə İranın nüvə obyektlərinin yenidən bombalana biləcəyi istisna deyil. İyun ayında baş vermiş 12 günlük müharibədə Tehran ABŞ-İsrail birgə hücumlarına qarşı müəyyən cavab tədbirləri görmüşdüsə də, yeni müharibə şəraitində yalnız müdafiə mövqeyində qalacağı proqnozlaşdırılır. İranın Yaxın Şərqdəki artıq çox zəifləmiş proksi qüvvələri, yəni Fələstin, Livan və İraqdakı irili-xırdalı qruplaşmalar da öz himayədarlarına əvvəlkitək kömək göstərə bilməyəcəklər. ABŞ-nin İrana qarşı hərbi əməliyyatı fonunda Rusiyanın necə davranacağı isə həmişəkitək qaranlıqdır. Əlbəttə, bütün bu mənzərənin inkişafı İrandakı etiraz dalğasının gücündən, miqyasından və davamlılığından asılıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İran   etiraz-aksiyaları   ABŞ   İsrail   hücum   böhran  



Xəbər lenti