“Meksika prezidenti Klaudiya Şeynbaum ictimaiyyəti sakitliyə çağırıb və hakimiyyət orqanları 22 fevral axşamı 20 ştatda fəaliyyət göstərən 250-dən çox narkotik kartelinin nəzarət məntəqəsinin əksəriyyətinin söküldüyünü elan edib. Şeynbaum insan haqları ilə bağlı narahatlıqlarını əsas gətirərək kartel üzvlərinə qarşı zorakılığın əleyhinə olduğunu da vurğulayıb”, - agentlik yazır.
El Mençonun saxlanması əməliyyatı fevralın 22-də baş tutub. Meksikanın Müdafiə Nazirliyinin məlumatına görə, əməliyyat zamanı xüsusi təyinatlı dəstələrə cinayətkar təşkilatın üzvləri hücum edib. Atışmada dörd yaraqlı dərhal öldürülüb, Servantes də daxil olmaqla daha üç nəfər ağır yaralanıb. Narkotik baronu Mexiko şəhərinə aparılarkən yolda ölüb.
ABŞ Müdafiə Nazirliyindəki mənbə, öz növbəsində, “Reuters” agentliyinə deyib ki, Narkotiklərlə Mübarizə üzrə Birlşəmiş İdarələrarası qrupu Halisko Yeni Nəsil narkotik kartelinin rəhbərinin öldürülməsində rol oynayıb. Belə ki, qrup Meksika ordusuna kəşfiyyat məlumatları ötürüb.
Yeri gəlmişkən, Ağ Evin mətbuat katibi Kerolayn Livitt də meksikalı narkobaronun məhv edilməsinə Vaşinqtonun dəstək verdiyini açıqlayıb.
Bu ilin yanvar ayında fəaliyyətə başlayan qrup, ABŞ-Meksika sərhədinin hər iki tərəfindəki narkotik kartel üzvlərinin şəbəkələrini xəritələşdirməyi hədəfləyən narkotik kartel kəşfiyyatı üzrə ixtisaslaşıb.
Narkotiklərlə Mübarizə İdarsinin keçmiş yüksək vəzifəli məmuru Cek Rayli ABŞ prezidenti Donald Trampın Meksika kartellərini terror təşkilatları kimi tanımaq qərarının bu cür hərbi işlərin təşkilinə kömək etdiyini vurğulayıb.
Meksikanın Müdafiə Nazirliyi ABŞ hakimiyyət orqanlarının “əlavə məlumat” verdiyini təsdiqləsə də, təfərrüatları açıqlamayıb. Meksika hökumətindəki mənbə əməliyyatın Mexiko tərəfindən planlaşdırıldığını və həyata keçirildiyini və ABŞ qoşunlarının fiziki şəkildə iştirak etmədiyini söyləyib.
El Menço kimi tanınan Nemesio Osegeranın öldürülməsi ölkədə zorakılıq dalğasına səbəb olub: yaraqlılar ölkənin bir neçə ştatında avtomobilləri yandırıb və yolları bağlayıblar.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


