Fransada hantavirus aşkarlandı

Fransada hantavirus aşkarlandı
  11 May 2026    Oxunub:2332
Fransada hantavirusa ilk yoluxma halı rəsmi olaraq təsdiqlənib.
Fransanın səhiyyə naziri Stefani Rist “France Inter” radiosuna açıqlamasında bildirib ki, virus "MV Hondius" gəmisindən Kanar adaları vasitəsilə təxliyə edilən sərnişinlərdən birində aşkarlanıb.

​Nazirin sözlərinə görə, xəstəlik aşkar olunan qadında simptomlar mayın 10-da həyata keçirilən təxliyə uçuşu zamanı ortaya çıxıb və gecə ərzində onun vəziyyəti ağırlaşıb. Fransaya gətirilən digər dörd sərnişinin ilkin test nəticələri mənfi çıxsa da, onlar azı 15 gün müddətinə xəstəxanada müşahidə altında saxlanılacaqlar.

​Hazırda Fransa mediası virusla əlaqəli təxminən 20 nəfərin təcrid olunduğunu xəbər verir. Risk qrupuna daxil edilən bu şəxslər arasında aprelin sonlarında müxtəlif beynəlxalq aviareyslərdə olan sərnişinlər də var. Eyni zamanda, İspaniya rəsmiləri Kanar adalarında gəmidən təxminən yüz nəfərin təxliyə edildiyini, növbəti təxliyə reysinin isə Avstraliyaya planlaşdırıldığını bildiriblər.

​Yaranmış vəziyyətlə bağlı Baş nazir Sebastyən Lökornünün rəhbərliyi ilə hökumətin təcili müşavirəsi keçiriləcək. "Matinyon"da baş tutacaq iclasda səhiyyə, daxili işlər və xarici işlər nazirləri iştirak edərək virusun yayılma riskini və preventiv tədbirləri müzakirə edəcəklər.

"MV Hondius" gəmisinin isə təxliyə əməliyyatları bitdikdən sonra Atlantik okeanı istiqamətində yoluna davam edəcəyi gözlənilir.
AzVision.az



Teqlər:



Xəbər lenti