Azərbaycanda çəyirtkələr niyə çoxalıb? │ Səbəblər

   Azərbaycanda çəyirtkələr niyə çoxalıb?    │ Səbəblər
  04 İyul 2026    Oxunub:397
Son günlər Azərbaycanın müxtəlif bölgələrində, xüsusən Sumqayıtda müşahidə olunan çəyirtkələrin böyük hissəsi Mərakeş çəyirtkəsi növünə (Dociostaurus maroccanus) aiddir. Bu növ Qafqaz və Mərkəzi Asiyada kənd təsərrüfatı üçün ən təhlükəli zərərvericilərdən biri hesab olunur və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Locust Watch proqramı tərəfindən daimi monitorinq edilir.
Araşdırmaçı Zülfü Fərəcli bildirib ki, Azərbaycanda bu il müşahidə olunan artımın əsas səbəblərindən biri yaz aylarında yağıntının normadan yüksək olmasıdır: "Mərakeş çəyirtkəsinin yumurtaları torpaqda inkişaf edir və kifayət qədər rütubət onların sağ qalma faizini artırır. Yağıntılar nəticəsində ot örtüyünün sürətlə inkişaf etməsi isə sürfələr üçün bol qida bazası yaradır. Nəticədə daha çox fərd yetkinliyə çatır və populyasiya qısa müddətdə nəzərəçarpacaq dərəcədə artır. Əgər bu şərait geniş ərazilərdə formalaşarsa, lokal çoxalma ocaqları daha böyük populyasiyalara çevrilə bilər. Məhz buna görə yağışlı illərdən sonra Mərakeş çəyirtkəsinin kütləvi artımı daha tez-tez müşahidə olunur".

Adına baxmayaraq, Mərakeş çəyirtkəsinin yalnız Mərakeşdə yaşamadığını, onun yayılma arealının Şimali Afrikadan başlayaraq Cənubi Avropa, Qafqaz, Yaxın Şərq və Mərkəzi Asiyaya qədər uzandığını qeyd edən araşdırmaçı deyib: "Azərbaycan da bu arealın mühüm hissəsidir. Növ əsasən quraq otlaqlarda, bozqırlarda və dağətəyi ərazilərdə çoxalır. Yaz aylarında temperatur və rütubət əlverişli olduqda populyasiyası qısa müddətdə sürətlə artır və taxıl, yem bitkiləri, tərəvəzlər, eləcə də otlaqlara ciddi zərər vura bilir.

FAO Qafqaz və Mərkəzi Asiya üçün daha iki iqtisadi əhəmiyyətli növü də izləyir: İtaliya çəyirtkəsi (Calliptamus italicus) və köçəri çəyirtkə (Locusta migratoria). İtaliya çəyirtkəsi də Azərbaycanda geniş yayılıb və bəzi illərdə lokal kütləvi artımlar göstərir. Köçəri çəyirtkə isə daha çox biologiyasındakı qeyri-adi xüsusiyyəti ilə tanınır".

Mütəxəssis, həmçinin bildirib ki, köçəri çəyirtkə normal şəraitdə tək yaşayan həşəratdır. Lakin populyasiya sıxlığı artdıqda "gregar faza" adlanan mərhələyə keçir. Bu zaman serotonin səviyyəsinin yüksəlməsi nəticəsində davranışı, rəngi və hətta bədən quruluşu dəyişir. Nəticədə milyonlarla fərddən ibarət sürülər formalaşa bilir. Bu hadisə heyvanlar aləmində kollektiv davranışın ən maraqlı nümunələrindən biri hesab olunur.

"Azərbaycanda çəyirtkələrlə mübarizənin uzun tarixi var. 1921-ci ildə Azərbaycan Sovnarkomu çəyirtkələrlə mübarizəni "hərbi vəzifə" elan etmişdi. Çünki sürülər dövlət sərhədlərini tanımırdı və Muğan düzənliyində aparılan mübarizə tədbirləri həm Azərbaycan, həm də İran ərazisini əhatə edirdi.

Bu gün isə dünyada əsas yanaşma yalnız pestisidlərdən istifadə etmək deyil. FAO erkən monitorinqə və İnteqrə edilmiş Zərərvericilərlə Mübarizə sisteminə üstünlük verir. Bu yanaşmada çoxalma ocaqları vaxtında müəyyən edilir, kimyəvi mübarizə yalnız zəruri hallarda tətbiq olunur və təbii düşmənlərin qorunmasına xüsusi diqqət yetirilir. Leyləklər, sığırçınlar, qaratoyuqlar, arıquşları və digər həşəratla qidalanan quşlar çəyirtkələrin sayının təbii yolla tənzimlənməsində mühüm rol oynayır. Pestisidlərin həddindən artıq istifadəsi isə bu faydalı növlərə də zərər vuraraq uzunmüddətli perspektivdə ekosistemin müqavimətini zəiflədə bilər",- deyə o əlavə edib.

Zülfü Fərəcli hesab edir ki, çəyirtkələri tamamilə məhv etmək mümkün deyil və buna ehtiyac da yoxdur. "Əsas məqsəd onların sayını kənd təsərrüfatına iqtisadi zərər vurmayacaq səviyyədə saxlamaqdır. Bunun üçün ən effektiv yol erkən monitorinq, elmi əsaslı idarəetmə və sağlam ekosistemlərin qorunmasıdır", - deyə mütəxəssis bildirib.

"Azərtac"


Teqlər: Çəyirtkə  



Xəbər lenti