Ölkəmizdə vəkillərin sayı 3000-i ötüb

Ölkəmizdə vəkillərin sayı    3000-i ötüb
  17 İyul 2026    Oxunub:291
2026-cı il iyulun 17-də “Badamdar” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Tədbirdə VK rəhbərliyi ilə yanaşı, Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, VK Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar.

Tədbir Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən VK sədri Anar Bağırov qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edərək onların cəmiyyətin hüquqi maarifləndirilməsində və vəkillik institutunun fəaliyyətinin ictimaiyyətə çatdırılmasında mühüm rol oynadıqlarını vurğulayıb.

Sədr çıxışında Azərbaycan vəkilliyinin keçdiyi tarixi inkişaf yoluna nəzər salaraq son illərdə bu sahədə həyata keçirilən islahatlardan və vəkillik institutunun gücləndirilməsi istiqamətində görülən işlərdən ətraflı bəhs edib.

Anar Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixində imzaladığı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanun müasir Azərbaycan vəkilliyinin möhkəm hüquqi təməlini qoyub və vəkillik institutunun müstəqil peşə təsisatı kimi formalaşmasında tarixi rol oynayıb. Məhz həmin Qanunun qəbulundan sonra vəkillik institutu ilk dəfə olaraq dövlət hakimiyyətinin qollarından asılı olmayan müstəqil qurum kimi fəaliyyət göstərməyə başlayıb, məhkəmə prosesində isə çəkişmə prinsipi əsasında bərabərhüquqlu iştirakçı statusu qazanıb.

Eyni zamanda sədr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 fevral 2018-ci il tarixli Sərəncamının, eləcə də 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanuna edilmiş dəyişikliklərin vəkillik institutunun inkişafında yeni bir mərhələnin başlanğıcını qoyduğunu vurğulayıb. Həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində hüquqi yardım sisteminin təkmilləşdirilməsi, vətəndaşların müdafiə hüququnun daha səmərəli təmin olunması və vəkillik institutunun fəaliyyət imkanlarının genişləndirilməsi sahəsində əhəmiyyətli nəticələr əldə edilib.

Anar Bağırov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın layiqli rəhbərliyi ilə uğurla davam etdirilir və yeni zirvələrə doğru yüksəldilir.

Çıxışının davamında sədr bildirib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi və şəffaflıq baxımından əhəmiyyətli dərəcədə genişləndirilib. Bu müddət ərzində 17 test imtahanı keçirilib, 7 000-dən artıq namizəd həmin imtahanlarda iştirak edib. Onlardan 2 174 nəfər icbari təlim proqramını uğurla başa vuraraq and içib və Kollegiya üzvlüyünə qəbul olunub.

Nəzərə çatdırılıb ki, bugünkü mərasimdə daha 67 namizəd təntənəli şəkildə vəkil andı içərək VK sıralarına qoşulub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı ilk dəfə olaraq 3 003 nəfərə çatıb. Qeyd olunub ki, bu göstərici Azərbaycan vəkilliyinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, ölkədə hüquqi yardımın əlçatanlığının genişləndirilməsi və vəkillik institutunun gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların uğurlu nəticəsidir.

Sədr çıxışına əlavə edib ki, yeni qəbul olunan vəkillərdən 37 nəfəri kişi, 30 nəfəri qadındır. Onlardan 8 nəfəri regionlarda, 59 nəfəri isə Bakı şəhərində fəaliyyət göstərəcək. Yeni qəbul nəticəsində qadın vəkillərin sayı 701 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir.

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov çıxış edərək son dövrlərdə ölkəmizdə vəkillik institutunun inkişafı barədə söz açıb, vəkillik peşəsinin cəmiyyət və hüquq sistemi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində vəkillik institutunun daha da gücləndirildiyini, bu istiqamətdə ardıcıl tədbirlərin görüldüyünü bildirib.

Kollegiyanın üzvü, Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək vəkilliyə yeni qəbul olunmuş namizədləri təbrik edib, onlara gələcək peşə fəaliyyətlərində uğurlar diləyib. O bildirib ki, vəkillik peşəsi yüksək peşəkarlıq, məsuliyyət və etik davranış prinsiplərinə daim sadiqlik tələb edir.

İkram Kərimov gənc vəkilləri insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyə, peşə bilik və bacarıqlarını davamlı inkişaf etdirməyə çağırıb. Həmçinin Ağsaqqallar Şurasının sədri onların vəkillik institutunun nüfuzunun daha da yüksəldilməsinə layiqli töhfə verəcəklərinə əminliyini diqqətə çatdırıb.

Ardınca vəkilliyə qəbul üzrə ixtisas imtahanlarını, icbari təlim proqramını və şifahi müsahibə mərhələsini uğurla başa vuraraq VK üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə vəkil andı içərək peşə fəaliyyətlərini qanunun aliliyi, peşə etikası və insan hüquq və azadlıqlarının müdafiəsi prinsiplərinə sadiq şəkildə həyata keçirəcəklərinə dair öhdəlik götürüblər.

Daha sonra onlara vəkil vəsiqələri təqdim olunub.

Tədbirin sonunda peşə fəaliyyətində fərqlənən və yubiley yaşlarını qeyd edən VK-nın bir qrup üzvü təltif olunub.


Teqlər: Vəkil   Hüquq   Məhkəmə  






Xəbər lenti