Hepatit C-ni tam sağaltmaq mümkündür – MÜSAHİBƏ

   Hepatit C-ni tam sağaltmaq mümkündür –    MÜSAHİBƏ
  28 İyul 2026    Oxunub:255
Ümumdünya Hepatitlə Mübarizə Günü ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov AZƏRTAC-a müsahibə verib. O, hepatitin vaxtında diaqnostikası, müalicəsi və qarşısının alınması üçün atılmalı olan addımlar, son illərdə hepatit B-nin və xüsusilə hepatit C-nin müalicəsində tətbiq edilən yeniliklər barədə danışıb. Azvision.az həmin müsahibəni təqdim edir:
- Həkim, 28 İyul-Ümumdünya Hepatitlə Mübarizə Günü ilə əlaqədar vətəndaşlara hansı əsas mesajları çatdırmaq istərdiniz və hepatitin vaxtında diaqnostikası, müalicəsi və qarşısının alınması üçün hansı addımları atmağı tövsiyə edirsiniz?

- Ən vacib mesaj budur: Virus hepatitləri “səssiz” xəstəliklərdir. Hepatit B və C çox vaxt heç bir əlamət vermədən illərlə davam edir, bu müddətdə isə qaraciyər tədricən zədələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, xroniki hepatit B ilə yaşayan şəxslərin yalnız 13, hepatit C ilə yaşayan şəxslərin isə 36 faizi öz diaqnozundan xəbərdardır. Zədələnmə davam etdikcə xəstəlik qaraciyər sirrozuna, daha sonra isə qaraciyər xərçənginə səbəb ola bilər. Yaxşı xəbər isə odur ki, bu gün əlimizdə effektiv profilaktika və müalicə vasitələri var. Hepatit B-nin qarşısını effektiv peyvəndlənmə ilə almaq, hepatit C-ni isə müasir müalicə ilə əksər hallarda tam sağaltmaq mümkündür. Vətəndaşlara tövsiyələrim sadədir. Birincisi, müayinə olunmaqdan çəkinməmək lazımdır. Hepatit B və C qan analizləri ilə - hepatit B üçün HBsAg, hepatit C üçün isə anti-HCV testi ilə ilkin olaraq aşkarlana bilər. Xüsusən keçmişdə qan köçürülməsi, cərrahi və ya diş müdaxiləsi keçirənlər, sterilliyinə əmin olmadıqları alətlərlə manikür, döymə (tatuaj) və pirsinq etdirənlər, inyeksion narkotik vasitələrdən istifadə edənlər, həmçinin hepatit B virusu ilə yaşayan şəxslə eyni evdə yaşayanlar müvafiq müayinələrdən keçməlidirlər.

İkincisi, hepatit B-yə qarşı peyvənd olunmaq vacibdir. Hepatit B peyvəndi təhlükəsiz və effektivdir, yenidoğulmuşlara tətbiq olunur və əvvəllər peyvənd olunmamış böyüklər də müvafiq hallarda istənilən yaşda vaksinasiya oluna bilərlər. Üçüncüsü, infeksiyanın ötürülmə riskini azaltmaq lazımdır. Ülgüc, diş fırçası, dırnaq alətləri kimi şəxsi əşyaları paylaşmayın, tibbi və kosmetik prosedurlarda alətlərin steril olmasına diqqət edin. Diaqnoz təsdiqlənərsə, özbaşına müalicə aparmadan mütəxəssisə müraciət edin. Erkən diaqnostika və düzgün tibbi nəzarət qaraciyərin ağır zədələnməsinin qarşısını almağa kömək edir.

- Kimlər hepatit üçün analiz verməlidirlər və peyvəndin xəstəliyin qarşısının alınmasında rolu nə dərəcədə əhəmiyyətlidir?

- Hepatit heç kim üçün istisnalıq təşkil etmir, amma bəzi qruplarda risk daha yüksəkdir. Bunlara qan və qan məhsulları köçürülənlər, hemodializ alan şəxslər, tibb işçiləri, inyeksion narkotik vasitələrdən istifadə edənlər, hepatit B virusu ilə yaşayan şəxsin cinsi partnyoru və ailə üzvləri, həmçinin anasında hepatit B infeksiyası olan uşaqlar daxildir. Ümumdünya Sağlamlıq Təşkilatı getdikcə daha geniş miqyasda testləşməni tövsiyə edir. Bir çox ölkədə böyüklərə həyatlarında ən azı bir dəfə hepatit B və C üzrə testdən keçmək tövsiyə olunur. Testlərin nisbətən əlçatan və sürətli olması bunu real edir.

Peyvəndə gəldikdə, hepatit B-yə qarşı peyvənd ən güclü qoruyucu vasitələrdən biridir. Doğuşdan sonra ilk 24 saat ərzində vurulan doza və sonrakı dozalar yenidoğulmuşların infeksiyadan qorunmasında mühüm rol oynayır və tam peyvənd kursu sağlam uşaqlarda 95 faizdən çox qoruyuculuq təmin edə bilər. Bu, gələcəkdə qaraciyər sirrozu və qaraciyər xərçəngi riskinin azaldılmasında ən təsirli profilaktik addımlardan biridir. Hepatit C-yə qarşı hələ peyvənd yoxdur. Buna görə də bu virusdan qorunmada qan təhlükəsizliyi, steril tibbi və kosmetik alətlərdən istifadə, iynə və digər kəsici-deşici alətlərin paylaşılmaması mühüm əhəmiyyət daşıyır. Ailəsində hepatit B virusu ilə yaşayan şəxs olanlar test edilməli və immunitetləri yoxdursa, peyvəndlənməlidirlər.

- Son illərdə hepatit B və xüsusilə hepatit C-nin müalicəsində hansı yeniliklər tətbiq olunub və bu yeniliklər xəstələrin sağalma göstəricilərinə necə təsir edib?

- Hepatit C-nin müalicəsində son on ildə əsl dönüş yaşanıb. Əvvəllər müalicə interferon iynələrinə əsaslanırdı, aylarla davam edir, ağır yan təsirlərlə müşayiət olunur və müalicənin effektivliyi indiki ilə müqayisədə xeyli aşağı idi. 2010-cu illərdən etibarən birbaşa təsirli antiviral preparatların (DAA) tətbiqi müalicədə inqilabi dəyişiklik yaratdı. Bu gün pangenotipik DAA rejimləri, məsələn, sofosbuvir-velpatasvir və ya glekaprevir-pibrentasvir, adətən, 8–12 həftə ərzində tətbiq olunur, yaxşı tolere edilir və xəstələrin 95 faizindən çoxunda sağalma ilə nəticələnə bilər. Ümumdünya Səhiyyə Təşkilatının müasir tövsiyələrinə əsasən, uyğun klinik hallarda bu müalicə uşaqlar və yeniyetmələr də daxil olmaqla geniş xəstə qruplarına tətbiq edilir. Praktiki olaraq, bu o deməkdir ki, hepatit C qısamüddətli və yüksək effektiv müalicə ilə tam sağaldıla bilən xəstəliyə çevrilib. Hepatit B-də hələ bütün hallarda tam sağalma mümkün deyil, lakin xəstəliyə nəzarət imkanları çox güclüdür. Yüksək müqavimət baryerinə malik preparatlar — tenofovir (TDF və ya TAF) və entecavir virusun çoxalmasını effektiv şəkildə boğur, gündəlik qəbul edilir və uzunmüddətli müalicə ilə xəstəliyin inkişafının qarşısını almağa kömək edir. Bu, sirroza keçid riskini azaldır və qaraciyər xərçəngi riskinin əhəmiyyətli dərəcədə azalmasına kömək edə bilər. 2024-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının hepatit B üzrə təlimatlarını yenilədi. Bu yeniliklər çərçivəsində müalicəyə başlama meyarları sadələşdirildi və genişləndirildi. Nəticədə daha çox xəstənin erkən mərhələdə müalicəyə cəlb edilməsi mümkün olub. Nəticədə mənzərə tamamilə dəyişib: hepatit C yüksək effektivliklə sağaldıla bilən, hepatit B isə uzunmüddətli müalicə və nəzarətlə idarə olunan xəstəliyə çevrilib. Hepatit C müalicə olunaraq sağaldıqda qaraciyər iltihabı azalır, erkən mərhələdə olan fibroz hallarında isə geriləmə müşahidə oluna bilər.

- Hepatit diaqnozu qoyulan xəstələr müalicəyə nə vaxt başlamalıdırlar? Müalicənin gecikdirilməsi hansı fəsadlara səbəb ola bilər?

- Hepatit C-də cavab ümumilikdə aydındır. Xroniki infeksiyası təsdiqlənən bütün xəstələr demək olar ki, müalicəyə mümkün qədər tez başlamalıdırlar. Qaraciyərin ciddi zədələnməsini gözləməyə ehtiyac yoxdur. Əksinə, müalicə nə qədər erkən aparılarsa, sirroz və qaraciyər xərçəngi riskinin qarşısını almaq imkanları bir o qədər yüksək olar. Hepatit C-də “gözləyək, müşahidə edək” yanaşması əksər hallarda məqsədəuyğun deyil. Lakin müalicəyə başlama qərarı həkim tərəfindən xəstənin klinik vəziyyəti və müayinələrin nəticələri nəzərə alınmaqla verilməlidir. Hepatit B-də vəziyyət bir qədər fərqlidir. Xroniki hepatit B infeksiyası olan bütün şəxslər dərhal preparat qəbul etməyə başlamırlar. Qərar virus yükündən, qaraciyər fermenti ALT-nin səviyyəsindən, fibroz dərəcəsindən, xəstənin yaşından, yanaşı xəstəliklərindən və ailə tarixçəsindən asılıdır. Amma bu qərarı mütləq mütəxəssis verməlidir və müalicə almayan xəstə də müntəzəm tibbi müşahidədə qalmalıdır. Sirrozu, HİV və ya hepatit D ilə koinfeksiyası, yaxud ailəsində qaraciyər xərçəngi olan xəstələrdə müalicəyə başlama məsələsi xüsusi diqqətlə qiymətləndirilir. Ümumdünya Səhiyyə Təşkilatının 2024-cü il təlimatları daha çox xəstənin müalicəyə cəlb olunmasına imkan verən meyarları genişləndirib. Müalicənin gecikdirilməsi ciddi təhlükə daşıyır. Zədələnmə səssiz getdiyi üçün xəstə özünü yaxşı hiss edə bilər, halbuki qaraciyərdə fibroz artır və zamanla sirroza çevrilə bilər. Sirroz mərhələsində qarında maye toplanması (assit), qida borusu venalarından qanaxma və şüurun pozulması (ensefalopatiya) kimi ağırlaşmalar meydana çıxa bilər. Daha ağır mərhələdə qaraciyər xərçəngi inkişaf edə bilər. Qeyd edim ki, virus hepatitləri qaraciyər xərçənginin əsas səbəblərindən biridir. Sirroz və ya xərçəng inkişaf etdikdən sonra müalicə çətinləşir və proqnoz pisləşir. Bundan başqa, müalicə və müvafiq nəzarət olmadan infeksiyanın başqalarına ötürülməsi riski də davam edə bilər.

- Həkim, müalicəsini uğurla başa vuran hepatit xəstələri üçün sonrakı müşahidə prosesi necə aparılır? Təkrar yoluxma və ya xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün hansı tövsiyələri verərdiniz?

- Müalicənin uğuru müşahidənin hər zaman başa çatması demək deyil. Hepatit C-də sağalma müalicə bitdikdən 12 həftə və ya daha sonra HCV RNT testi ilə təsdiqlənir. Bu, davamlı virusoloji cavabın (SVR12) əldə edildiyini və virusun müalicə ilə aradan qaldırıldığını göstərir. Buna baxmayaraq, iki mühüm məqama diqqət etmək lazımdır. Əgər xəstədə sağalmadan əvvəl artıq irəliləmiş fibroz və ya sirroz var idisə, virus aradan qaldırılsa belə, qaraciyər xərçəngi riski tamamilə aradan qalxmır. Buna görə də bu xəstələrdə mütəxəssisin tövsiyəsinə əsasən, adətən, hər 6 aydan bir qaraciyərin ultrasəs müayinəsi aparılır və zərurət olduqda AFP testi də qiymətləndirilir. Digər məqam odur ki, hepatit C-dən sağalmaq davamlı immunitet yaratmır, insan yenidən hepatit C virusuna yoluxa bilər. Buna görə steril olmayan alətlərdən və iynə paylaşmaqdan uzaq durmaq, riskli təmaslardan qorunmaq, immuniteti yoxdursa, hepatit A və B-yə qarşı peyvənd olunmaq vacibdir. Hepatit B-də müşahidə daha davamlıdır. Bir çox xəstədə müalicə uzunmüddətli, bəzən isə ömürlük davam etdirilir. Buradakı ən böyük risk preparatı özbaşına dayandırmaqdır. Bu, virusun yenidən aktivləşməsinə və qaraciyərin kəskin şəkildə zədələnməsinə səbəb ola bilər. Ona görə müntəzəm nəzarət virus yükü, ALT və qaraciyərin vəziyyətinin qiymətləndirilməsi mütləqdir. Xüsusən sirrozu və ya ailəsində qaraciyər xərçəngi olan xəstələrdə qaraciyər xərçənginin erkən aşkarlanması məqsədilə müntəzəm, adətən, hər 6 aydan bir müşahidə davam etdirilir. Hər iki qrup üçün ümumi tövsiyələrim var. Alkoqoldan uzaq durmaq vacibdir, çünki alkoqol qaraciyər zədələnməsini sürətləndirə bilər. Artıq çəkidən qorunmaq lazımdır, çünki qaraciyərin piylənməsi əlavə yük yaradır. Həkimlə məsləhətləşmədən çoxsaylı dərmanlar və “bitki mənşəli” əlavələr qəbul etməyin, çünki onların bir qismi qaraciyər üçün zərərli ola bilər. Nəhayət, müntəzəm tibbi müşahidə cədvəlinə riayət etmək vacibdir. Sağalmış və ya nəzarətdə saxlanılan qaraciyər davamlı diqqət və qayğı tələb edir


Teqlər:






Xəbər lenti