“Bakı-2015”in fərqli reklamı

“Bakı-2015”in fərqli reklamı
  18 Dekabr 2014    Oxunub:1722
İlk Avropa Oyunlarına geri sayım davam edir. “Bakı-2015”in brendi, loqosu və idman təsvirləri bu gündən etibarən Oyunların rəsmi tərəfdaşı olan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəyə minik talonlarının üzərində əks olunacaq.

“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, brendin əksi olan minik talonları Heydər Əliyev Beynəlxalq Aeroportundan, eyni zamanda, Naxçıvan və Gəncə hava limanlarından həm yerli, həm də beynəlxalq, o cümlədən London, Milan, Roma, Pekin, Nyu-York və s. istiqamətlər üzrə həyata keçirilən uçuşlarda istifadə olunacaq.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Rəngarəng loqomuzun və brendimizin “Azərbaycan Hava Yolları” və onun təyyarəyə minik talonları sayəsində bütün dünyaya tanıdılacağından çox məmnunuq. Ölkənin milli aviaşirkəti kimi, AZAL növbəti aylarda ilk Avropa Oyunlarının təbliğində, eləcə də qitənin ən güclü idmançılarının gələn il Bakıda keçiriləcək Oyunlarda yarışmaları üçün Azərbaycana gəlməsində mühüm rol oynayacaq”.

“Azərbaycan Hava Yolları” QSC “Bakı-2015” ilk Avropa Oyunlarının rəsmi tərəfdaşıdır. Beynəlxalq auditoriyada Oyunlar barədə məlumatlılığın artırılmasına kömək məqsədilə Avropa Oyunlarına dair informasiya təyyarənin göyərtəsində göstərilən filmlərdə və təqdim olunan jurnallarda əks etdiriləcək.

Sazişə görə, həmçinin gələn ilin yayında paytaxtımıza gələcək qonaqlar üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-2015”in loqosu, brendi və Oyunlar haqqında məlumatlar nümayiş olunacaq.

Hər il 1,7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsinə uçuşlar həyata keçirən şirkət Avropa Oyunları ilə əlaqədar gələn il Bakıya gündəlik uçuşlarının sayını artıracaq.

“Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Arif Məmmədov bildirib: “Bakı-2015” brendinin təyyarəyə minik talonlarının üzərində əks olunması ilə fəxr edirik. Bununla da paytaxt şəhərimiz və bütün ölkə üçün tarixi an olan Avropa Oyunlarına dəstək olmağımızla qürur duyuruq. Biz idmançıların, rəsmi şəxslərin və tamaşaçıların Oyunlarla əlaqədar olaraq Azərbaycana gəlməsinə kömək edəcəyik. Möhtəşəm açılış mərasiminə geri sayım davam etdiyi üçün həyəcanımızı sərnişinlərimizlə bölüşmək istəyirik”.




Teqlər:





Xəbər lenti