“Soros çirkli pulları yuyur” – Siyavuş Novruzov

“Soros çirkli pulları yuyur” – Siyavuş Novruzov
  23 Yanvar 2015    Oxunub:3387
“George Soros verdiyi pulların çox faizini geri istəyir. Beləliklə çirkli pullar yuyulur”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Soros Fondu”nun təsisçisi George Sorosun Azərbaycan əlehinə yaydığı bəyanata münasibət bildirərkən deyib.

Millət vəkili qeyd edib ki, Sorosun arxasında duran dövlətlər var: “George Sorosu müxtəlif ölkələrdə guya inqilabların həyata keçirilməsini maliyyələşdirən bir şəxs kimi qiymətləndirirlər. Təbii ki, Sorosun arxasında duran dövlətlər var və onu maliyyələşdirirlər. Sorosun marağı olmasa hər hansı bir hərəkətlərə yol vermir. Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda olan məhbusların hər biri bu və ya digər cinayət törətmiş şəxslərdir. Onun tutduğu mövqe, üzvü olduğu partiya və yaxud peşə fəaliyyəti bu məsələdə önəm kəsb etmir. Söz azadlığı Azərbaycanda qorunan qədər heç yerdə qorunmur. Hansı ölkədə görülüb ki, mətbuat orqanının borcları dondurulsun, onlara yardım edilsin, məzil tikilib verilsin. Bunlar edilən istənilən bir ölkəni nümunə göstərsinlər?! Hər hansı bir ölkədə də dövlət sirrini yayan və qətl törətmiş şəxslər dərhal həbs olunurlar”.

Eyni zamanda millət vəkilinin sözlərinə görə, George Soros verdiyi pulların çox faizini geri istəyir: “Nəticədə çirkli pullar yuyulur. Və ya Soros onları bu və ya digər şəkildə məqsədli fəaliyyətə yönəldir. Sorosun nə deməyinin heç bir əhəmiyyəti yoxdur. Azərbaycan öz yolunu davam etdirir”.

Hafiz Əhmədov
AzVision.az



Teqlər:  



Xəbər lenti