Azərbaycandan Rusiyaya çağırış: “Dilqəmi müdafiə edin!”

Azərbaycandan Rusiyaya çağırış: “Dilqəmi müdafiə edin!”
  30 Yanvar 2015    Oxunub:2693
“Azərbaycanlı girovların apellyasiya məsələsi ermənilərin məhkəmə şousunun davamı deməkdir. Ermənilər göstərmək istəyirlər ki, Azərbaycan ərazisində “ikinci bir erməni dövləti var”, “bu dövlətin hüquq-mühafizə orqanları” var, “məhkəmə sistemi” var və bu qondarma dövlətin adından hökmlər çıxarılır. Hətta bu hökmlərdən şikayət verən vətəndaşların “appelyasiya məhkəməsində” hüquqlarını müdafiə etmək imkanları var. Bu absurd bir şeydir”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Vitse-spiker Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni girovluğunda olan Dilqəm Əsgərovla bağlı Ermənistan tərəfi ilə danışıqlara başlayacaqları haqda fikrində də münasibət bildirib. Qeyd edib ki, Rusiya bu açıqlamanı verməkdə çox gecikib:

“Çox təəssüf ki, Sergey Lavrovun açıqlaması çox gecikib. Bizim vətəndaşlar girov götürülən zaman mən dərhal ATƏT PA-dakı bir nümayəndə kimi Minsk qrupunun həmsədrlərinə, fəaliyyətdə olan sədrinə, baş katibinə, Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə yazılı və şifahi sorğular göndərərək bu məsələ ilə bağlı bir açıqlama vermələrini xahiş etdim. Hətta mənim Azərbaycan mətbuatında verdiyim açıqlamaya Rusiyanın ölkəmizdəki səfirinin müvafiq cavabı dərc olunmuşdu. Mənim Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması məsələsini vurğulamağıma onların cavabı belə olmuşdu ki, guya o Rusiya vətəndaşı deyil. Guya belə bir məlumat onlarda yoxdur. İndi nə yaxşı belə bir açıqlama verilir. Bunlar tamami ilə başqa məsələlərə xidmət edir. Onlar insan taleyindən ucuz bir alət kimi istifadə etməsinlər. Həqiqətən də Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Rusiya bu gün öz vətəndaşlarının hüquqlarını başqa ölkələrdə, regionlarda necə müdafiə edirsə, Dilqəm Əsgərovu da elə müdafiə etməlidir. Nəzərə alaq ki, Dilqəm Əsgərov özünün ata yurdunda olub. Heç bir sərhəddi pozmayıb, Ermənistan ərazisinə keçməyib, hansısa bir cinayətə yol verməyib”.
Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti