ELSA prezidentləri Bakıda - FOTOLAR

ELSA prezidentləri Bakıda - FOTOLAR
  04 Fevral 2015    Oxunub:16090
Bu gün Bakıda dünyanın ən böyük hüquqşünas tələbə təşkilatı olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA-İnternational) prezidentlərinin 50-ci beynəlxalq görüşünün açılış mərasimi olub.

AzVision.az
xəbər verir ki, tədbirdə Avropanın 28 ölkəsindən 61 nəfər rəhbər nümayəndə olmaqla 150 gənc hüquqşünas iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə keçirilən tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, ELSA Beynəlxalq İdarə Heyətinin sədri Armin Khoshneviszade, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Haciyev və Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev iştirak edir.

Öncə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında tədbirin əhəmiyyətindən söz açaraq ölkəmizdə gənclərə və tələbələrə dövlət tərəfindən xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb:

- Ölkəmizdə həyata keçirilən hüquq islahatlarında tələbə hüquqşünasların yeri hər zaman öndə olub. Ümumiyyətlə hüquqşünas tələbələr dünyanın bütün ölkələrində öz ölkələrinin ictimai-siyasi həyatında öndə dururlar. Azərbaycanda da bu belədir. Demokratiya, insan hüquqları, qanunun aliliyi kimi məsələlərə gənc hüquqşünaslar tələbəlik illərindən yaxın olurlar. Amma bunları tək nəzəri baxımdan bilmək yox, həm də həyatda tətbiq etmək vacibdir. Ölkəmizdə həyata keçirilən hüquq islahatlarının indiki mərhələsində gənc hüquqşünasların yeri xüsusidir. ELSA təşkilatının beynəlxalq aləmlə ölkəmizdə də verdiyi töhvə önəmlidir. Təqdirə layiq haldır ki, ASAN xidmətin əməkdaşları, ASAN könüllərinin əksəriyyəti də ELSA nümayəndiliyinin tərkibində fəaliyyət göstərirlər. hesab edirəm ki, bu Azərbaycanda gənclər siyasəti ilə bağlı ən yaxşı nümənələrindən biridir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin, gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bütün qonaqları salamlayıb və gün ərzində məhsuldar bir toplantı olacağını deyib: “Cəmiyətimizin müxtəlif sahəsində hüquq təhsili alan gənclər fəallıq nümayiş etdirir. Bu ixtisas üzrə təhsil alanlar digərlərinə nisbətən cəmiyyətdə daha çox fəallıq göstərirlər. Ümid edirəm ki, bundan sonra da ELSA təşkilatı bizim hüquq təhsili alan gənclərimizlə işləri davam etdirəcəklər”.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışı zamanı təmsil etdiyi fond adından ölkəmizə gələn hər bir qonağı salamlayıb. Fond rəhbəri bildirib ki, ELSA təşkilatının 50 yaşının olması böyük uğurdu və bu təşkilatın uğurlu işləri sayəsində bu günə gəlib çatmasını göstərir: “Diqqətinizə çatdırmaq istərdim ki, Azərbaycan gənclər ölkəsidir. Azərbaycanda gənclər siyasəti ölkənin prioritet məsələlərindən biridir. Hazırda ölkəmizdə gənclərlə bağlı çoxlu sayda QHT-lər var və ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir”.

Qeyd edək ki, ELSA beynəlxalq təşkilatı Avropanın 42 ölkəsində fəaliyyət göstərir və 210 universitetdən olan 40 000-dən artıq gənc hüquqşünası özündə birləşdirir. Təşkilatın məqsədi Avropada hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişlənməsi və onların cəmiyyətin inkişafına daha aktiv iştirakının təşviq edilməsidir.

Azərbaycan ELSA beynəlxalq təşkiltına 2010-cu ildə üzv olub və hazırda ELSA-Azərbaycan təşkilatının ən aktiv üzvlərindən biridir. ELSA-Azərbaycanın 300-ü aktiv olmaqla 1500-dən artıq üzvü var. ELSA Azərbaycan təşkilatın beynəlxalq şəbəkəsində ELSA Bakı, ELSA Naxçıvan və ELSA Qarabağ lokal qrupları ilə təmsil olunur. ELSA Azərbaycanın beynəlxalq fəaliyyətinin nəticəsi kimi Ermənistanın Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının müşahidəçi üzv qismində qəbul olunmasının qarşısı alınıb.


Tədbirdə təşkilatın rəhbəri Bayram Orucov ELSA-Azərbaycanın 5 illik fəaliyyəti ilə bağlı hesabat verib və təşkilatın yeni layihəsi olan “Elsa Forumu”nun təqdimatını edib. ELSA Forumunun məqsədi müxtəlif sahələrin peşəkarları ilə gənclər arasında əlaqələri qurulması və ümumi maraq kəsb edən mövzular üzrə müzakirələrin təşkil edilməsidir.

ELSA Forumun ilk qonaqları Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin rəhbəri İnam Kərimov və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin idarə rəisi Qaya Məmmədov olub.

Beynəlxalq tədbir çərçivəsində iştirakçıların ASAN-Xidmət mərkəzinə səfəri nəzərdə tutulub.

Anar Kəlbiyev
Nuron Məmmədov

Qalereya




Teqlər:  



Xəbər lenti