Nazirlik akkreditasiyadan imtina etdi
Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmətin təşkilini təmin etmək məqsədilə indiyədək Komissiya tərəfindən 7 qeyri-dövlət yardım mərkəzinin akkreditasiya olunduğunu qeyd edib. O bildirib ki, bir sıra təşkilatlar tərəfindən də akkreditasiya üçün müraciətlər olunub. Bu iclasda da məqsəd müraciət etmiş 4 qeyri-dövlət yardım mərkəzinin akreditə olunması məsələsinə baxılmasıdır. Akkreditasiya üçün müraciət etmiş qeyri-dövlət yardım mərkəzlərinin müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olması vacib şərtlər kimi diqqətdə saxlanır.
İclasda 4 qeyri-dövlət yardım mərkəzinin akkreditasiyası üçün qanunvericilikdə nəzərdə tutulmuş meyarlara uyğunluğu qiymətləndirilib. Aparılan müzakirələrdən sonra həmin təşkilatlardan 2-nin müvafiq sahədə təcrübəsizliyi, həmçinin sənədlərindəki çatışmazlıq səbəbindən onların akkreditasiyasından imtina edilib. Digər 2 qeyri-dövlət yardım mərkəzinin isə sosial xidmətlər göstərmək üçün maddi-texniki bazasına baxılması və sənədlərinin bir daha diqqətlə araşdırılması qərara alınıb.







Vaxtında, Aydın, Lazımlı!


