Ukraynanın səriştəsiz və şantajçı səfiri

Ukraynanın səriştəsiz və şantajçı səfiri
  05 Fevral 2015    Oxunub:5409
Sahib Alıyev
AzVision.az üçün

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun dünən bir tədbirdə Moskvanı tənqid edərkən burada "senzura" ilə üzləşdiyini dilə gətirməsi və bizim parlamentin təmsilçilərini AŞPA-da ökləsinin torpaq bütünlüyünün əleyhinə səs verməkdə suçlandırması onun bir diplomat kimi nə dərəcədə səriştəsiz olduğunu göstərir.

Öncə onu deyim ki, rəsmi Kiyev heç zaman Azərbaycanın torpaq bütünlüyünü rəsmi Bakı Ukraynanınkını dəstəklədiyi qədər prinsipiallıq və qətiyyətlə dəstəkləməyib. Mən hələ GUAM məsələsi çox aktual olan vaxtlarda o zaman Ukraynanın xarici işlər naziri vəzifəsini daşıyan cənab Yatsenyuka Dağlıq Qarabağ məsələsinə yanaşmada Azərbaycanın maraqlarına az-çox cavab verən bir-iki cümlə dedirtdirə bilməmişdim. Baxmayaraq ki, jurnalist olaraq buna çox cəhd etmiş, ən müxtəlif suallar vermişdim. Heç inanmıram ki, baş nazir olduqdan sonra o cənabın bu məsələyə yanaşması dəyişib və Qərbdə bağlı olduğu çevrələrinkindən fərqlənir.

Mişenkonun Azərbaycan təmsilçilərinin AŞPA-da Rusiyayla bağlı qətnamənin əleyhinə səs verməsini Ukraynanın torpaq bütünlüyünə qarşı atılmış addım kimi qiymətləndirməsinə gəldikdə, burada diplomata yaraşmayan dayazlıq və şantaj əlaməti var. Yaddaşı bu qədər qısadırsa, istərdik xatırladaq, Krım olaylarından sonra Ukraynanın torpaq bütünlüyü məsələsi BMT müstəvisinə çıxarılarkən Azərbaycan onu dəstəkləmiş, Mişenkonun təriflədiyi Ermənistan isə əleyhinə çıxmışdı.

AŞPA-da Ukraynanın torpaq bütünlüyündən yox, həmin qurumda Rusiya təmsilçilərinin səs hüqüqlarının əlindən alınmasından söhbət gedirdi. Doğrudur, bu cəza tədbiri məhz Moskvanın Ukraynaya qarşı atdığı addımlarla bağlı idi. Amma Ukraynda baş verənləri kimin etdiyini və niyə etdiyini qərbdəkilərdən heç də pis bilməyən Azərbaycanın bunun əleyhinə çıxması heç də Rusiyanın hərəkətlərinə haqq qazandırmağımızdan irəli gəlmirdi. Biz bununla eyni məsələyə yanaşmada dəfələrlə `ikili standart`dan çıxış edən bəlli çevrələrə hərəkətlərinin bizdə artıq ikrah hissi doğurduğunu göstərdik. Axı kim bilmir ki, Rusiyanın bu gün Ukraynada etdikləri, ötən əsrin 90-cı illərində Qarabağda baş verənlərin təkrarıdır. Elə isə sual olunur, nədən AŞPA-dakılar eyni hərəkətə görə Rusiyaya qarşı cəza tədbirləri görülməsini istəyir, ancaq Ermənistana gəldikdə susurlar? Nədən eyni problemlə üzləşdiyimiz halda qərbdəkilər Ukrayna, Gürcüstan və Moldovaya yanaşmada bir, bizə yanaşmada başqa cür hərəkət edirlər?

Beləliklə, bir daha vurğulayıram, Azərbyacan Rusiyayla bağlı qətnaməyə səs verərkən bu sənədin yox, ilk növbədə onu hazırlayanların yürütdükləri ikili standart siyasətinin əleyhinə olduğunu, digər tərəfdən isə məhz həmin çevrələrin xoşuna gəlsin deyə Moskvanın üzərinə getməyəcəyini ortaya qoydu. Bu, Rusiyanın Krımı ələ keçirməsinə və Ukraynadakı digər hərəkətlərinə haqq qazandırmaq deyil və ola da bilməz. Rəsmi Bakı tək bizə dost və yaxın olan Ukraynanın yox, Serbiyanın da torpaq bütünlüyü məsələsində eyni qətiyyət göstərərək, Kosovonun müstəqilliyinin əleyhinə çıxmışdı. Halbuki bizə çox yaxın olan bir sıra dövlətlər təkid edirdilər ki, Azərbaycan da də onlar kimi səs versin. Amma rəsmi Bakı milli maraqlarımız necə diqtə edirsə, o cür də davrandı, Serbiyanın torpaq bütünlüyünü dəstəklədi. Məncə, cənab Mişenko və onu bura səfir göndərənlər oturub fikirləşməlidirlər ki, nədən milli maraqlarının əksinə olsa da, Kosovonun müstəqilliyinə səs verməməklə Serbiyanın torpaq bütünlüyünü dəstəkləyən Ermənistan Ukraynaya gəldikdə fərqli hərəkət edərək, Krım məsələsində Moskvanın yanında yer aldı.

Ötən həftə AŞPA-da Ermənistan təmsilçilərinin neytral qalmalarına gəldikdə isə, onların bu hərəkəti də Moskvayla razılaşdırılımış addım idi. Ermənilərin 3-5 nəfər təmsilçilərinin səsi heç nəyi dəyişən deyildi. Çünki 160 nəfər qətnamənin lehinə, cəmi 40 nəfər isə əleyhinə oldu. Görünür, ermənilər onların səslərinin heç nəyi dəyişməyəcəyini diqqətlərinə çatdıraraq, Moskvadan neytral qalmağa izin istəmişdilər. Moskva da az-çox manevr edə bilmək və boş yerə qərbdəki havadarlarının narazılığıyla üzləşməmək üçün öz forpostuna bu izni verdi. Hər şey bu qədər bəsitdir. Səfir olan kəs bunu anlamalıdır. Əlbəttə, əgər diplomatdırsa.


Teqlər:



Xəbər lenti