“Deyəndə ki, yemək verməyin, etiraz edirlər...” - Mübariz Qurbanlı

“Deyəndə ki, yemək verməyin, etiraz edirlər...” -  Mübariz Qurbanlı
  06 Fevral 2015    Oxunub:2247
“Yas mərasimlərində israfçılıq əleyhinə irəli sürdüyümüz tövsiyələr tam qüvvəsindədir. Bir addım da geri çəkilmə olmayıb”.
Bunu AzVision.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri yas mərasimlərində israfçılıq hallarının aradan qaldırılması ilə bağlı təşviqatın davam etdiyini bildirib:

“Bu istiqamətdə təşviqatımız davam edir. İnsanlara tövsiyələrimiz davam edir. Bizim yas mərasimləri ilə bağlı apardığımız işlərin nəticəsində mərasimlərin gün sayında xeyli dəyişikliklər baş verib və onlar milli dini adət-ənənələrimizə uyğun olaraq 3 gün müddətində yekunlaşır. Eyni zamanda bir çox yerlərdə vətəndaşlarımız yas mərasimlərində yalnız çay süfrəsi açırlar və bununla da kifayətlənirlər. Sadəcə bəzi yerlərdə hələ də yemək verənlər var, amma biz zorakılığın tərəfdarı deyilik. Heç kim yas mərasimlərini qadağan etmir, sadəcə olaraq yas mərasimlərini İslam dininin müəyyən etdiyi qaydaya uyğun həyata keçirilməlidir. Bizdə indiyə qədər yas mərasimləri İslam adət-ənənələrinə uyğun deyil, bizə keçmişdən qalmış ənənəyə görə keçirilirdi. Əslində İslam dininin 4, şərtinə görə vəfat edən insana yemək vermək, dəbdəbəli süfrə təşkil etmək yoxdur. İslama görə ölən insan üçün əsas 4 şərti icra etmək labüddür, qüsul, kəfən, cənazə namazı və dəfn”.

M.Qurbanlı qeyd edib ki, bir müddət əvvəl verilən tövsiyələrin icrası vətəndaşların özlərindən asılıdır:

“Biz onları heç nəyə məcbur edə bilmərik. Tövsiyəni daha ciddi tərzdə deyəndə isə etiraz edirlər ki, siz niyə bizim işimizə qarışırsız? Kim istəyirsə ki, yas mərasimi müsəlman qaydalarına uyğun olsun, o zaman yemək verməsin. Əgər süfrə açmaq istəyirsə, biz ona tövsiyə etmirik. Bunu edirsə, biz ona zorakılıq göstərmirik. Gərək hər kənd , hər qəsəbə özü razılaşsın ki, biz yasda insan dəfn edirik, qonaqlıq vermirik. Yemək ehsan deyil. Siz kiməsə yaxşılıq edib yemək verirsizsə, o, başqa məsələdir”.

Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti